Valideynlərin nəzərinə: Uşaqlarla bağlı bunlara diqqət edin!backend

Valideynlərin nəzərinə: Uşaqlarla bağlı bunlara diqqət edin!

  Uşaq və gənclərin fiziki, mənəvi inkişafı hər bir cəmiyyətin gələcəyi üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, həm hüquqi-normativ baza, həm də praktiki tədbirlər baxımından davamlı olaraq təkmilləşdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi strategiyanın mühüm tərkib hissələrindən biri də uşaqların və gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sağlam və vətənpərvər ruhda böyüməsinə şərait yaratmaqdır.

Fiziki inkişaf sahəsində bir sıra dövlət proqramları icra olunur. Məktəblərdə bədən tərbiyəsi dərslərinin keyfiyyətinin artırılması, idman komplekslərinin tikilməsi və idman dərnəklərinin fəaliyyəti genişləndirilir. “İdman hər kəs üçün” prinsipi əsasında regionlarda yaradılan idman infrastrukturu gənclərin sağlam həyat tərzi seçməsində mühüm rol oynayır. Eyni zamanda, idmançılarımızın beynəlxalq arenalarda qazandığı uğurlar uşaq və gənclər üçün bir motivasiya mənbəyi kimi çıxış edir.

Mənəvi inkişaf istiqamətində isə milli-mənəvi dəyərlərin aşılanması, vətənpərvərlik tərbiyəsi və sağlam əxlaqi mühitin formalaşdırılması prioritet təşkil edir. Təhsil müəssisələrində həyata keçirilən maarifləndirici layihələr, kitabxanaların və mədəniyyət ocaqlarının fəaliyyəti, gənclər təşkilatlarının təşəbbüsləri bu sahədə əhəmiyyətli rol oynayır. Eyni zamanda, Azərbaycan gənclərinin iştirakı ilə keçirilən beynəlxalq layihələr və mübadilə proqramları onların dünyagörüşünün formalaşmasına və mənəvi zənginliyinə töhfə verir.

Nəticə etibarilə, Azərbaycanda uşaq və gənclərin həm fiziki, həm də mənəvi inkişafı istiqamətində kompleks yanaşma mövcuddur. Bu, gələcəkdə sağlam, savadlı, milli dəyərlərə sadiq vətəndaşların formalaşmasına xidmət edir və ölkənin sosial-mədəni inkişafına əsaslı zəmin yaradır.

Uşaq və gənclərin fiziki, mənəvi inkişafı üçün nə etmək lazımdır?

Globalinfo.az-a danışan deputat Məlahət İbrahimqızı deyib ki, bu gün dünyada baş verən qlobal təhlükələr fonunda Azərbaycanın gələcəyi üçün vətənpərvər, savadlı və məsuliyyətli gənclərin yetişdirilməsi prioritet məsələyə çevrilib:

“Gəncləri elə yetişdirməliyik ki, onlar Azərbaycanın necə mürəkkəb və təhlükəli bir coğrafiyada yerləşdiyini dərk etsinlər. Ətrafımızda baş verən hadisələrə nəzərə saldıqda görürük ki, bölgəmiz daim təlatümdədir. Belə şəraitdə güclü bir dövlət kimi mövcud olmaq, Azərbaycanı gündən-günə inkişaf etdirmək, sabitliyimizi qorumaq üçün savadlı, vətənpərvər və məsuliyyətli gənclərin yetişdirilməsi həyati, hətta taleyüklü məsələdir. Çünki bu torpaq şəhidlərimizin qanı ilə suvarılıb, vətənimizi və qurduğumuz bu dövləti qorumaq hər kəsin, xüsusilə də gənclərin borcudur”.

Millət vəkili əlavə edib ki, xalqın ən önəmli vəzifəmiz gələcək üçün vətənpərvər, dövlətçilik ruhuna malik, milli kimliyinə sadiq gənclər yetişdirməkdir:

“Eyni zamanda bu məsuliyyət dövlətimizin müvafiq ali qurumlarının həyata keçirdiyi siyasətdə də öz əksini tapıb. Biz milli ruhda tərbiyə olunan, dövlətə və dövlətçiliyə sadiq gənc nəsil yetişdirməliyik. Bu, təkcə təhsil deyil, ideoloji bir məsələdir və gələcəyimizi müəyyən edən əsas amillərdəndir”.

Sosioloq Yusif Nəbiyev bildirib ki, fiziki və mənəvi inkişaf üçün atılmalı olan addımlar sadəcə fərdi yox, çoxsəviyyəli olmalıdır:

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı məsələsində illərlə eyni şey deyilir – İdmanla məşğul olsunlar, kitab oxusunlar, ailə dəyərləri öyrədilsin. Bu “həll yolları” yaxşı niyyətlə deyilsə də, effektiv və nəticə fokuslu çağırışlar deyil. Sanki “öhdəmə düşəni dedim, gerisi məni maraqlandırmır” fikri ilə ortaya atılır. Çünki bugünkü gəncin qarşısındakı reallıq nə sənaye inqilabı dövrünün reallıqlarıdır, nə də qədim ənənəvi ailə mühiti reallığıdır. İnsanın inkişaf proseslərini təsvir etmək üçün psixoloq Urie Bronfenbrennerin irəli sürdüyü məşhur “ekoloji sistemlər nəzəriyyəsi” bu mövzuya dair kifayət qədər effektiv yanaşma qoyur. Nəzəriyyəyə əsasən, bir insanın uşaqlığından etibarən inkişafı sadəcə ailədən deyil, içində olduğu bütün sistemlərdən – məktəb, sosial çevrə, media, iqtisadi durum və sair təsirlənir. Bu səbəbdən, fiziki və mənəvi inkişaf üçün atılmalı olan addımlar da sadəcə fərdi yox, çoxsəviyyəli olmalıdır. Yəni, məktəblərdə idman və sağlam həyat vərdişləri təbliğ olunmalı, eyni zamanda psixoloji dəstək və emosional idarəetmə bacarıqları da formalaşdırılmalıdır. Bizə təkcə güclü bədən yox, həm də güclü psixologiya da lazımdır”.

Ekspertin sözlərinə görə, Azərbaycanda “sağlam gələcək” anlayışı adətən narkotiklərdən uzaq olmaq və diplom almaqla əlaqələndirilir:

“Halbuki, həqiqi sağlamlıq həm də sosial bacarıqlar, empatiya qurmaq, özünü ifadə edə bilmək, fərqli fikirlərlə dialoq yaratmaq və sair kimi “yumşaq bacarıqlar”dan (soft skills) keçir. Bunları formalaşdırmaq üçün testlər və repetitorlar kifayət deyil. Yaradıcı mühit, azad fikirli müəllimlər və açıq, amma dayanıqlı ailə münasibətləri lazımdır. Sağlam gələcək sadəcə “gələcəkdə sağlam olmaq” mənasına gəlmir. Sağlam gələcək elə bu gün, bu zamanda formalaşır. Burada məktəbin bufetindəki menyunun keyfiyyətindən tutmuş, “TikTok” platformalarına qədər hər şeyin ciddi rolu var”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Mövzu: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki