Bəs, mərhumun ailəsi kredit borcundan xəbərsizdirsə, ödəniş etmək məcburidirmi? Hansı hallarda borcun ödənməməsi mümkündür?
Vəkilin sözlərinə görə, şəxs vəfat edəndə borc da avtomatik “silinmir”:
“Bank da gedib mərhumun ailə üzvlərinə “mütləq siz ödəməlisiniz” deyə təzyiq edə bilməz. Ailə üzvləri yalnız miras qəbul edəndə məsuliyyət daşıyır. Yəni mərhumun adına qalan əmlak (ev, torpaq, maşın, pul və s.) varislik qaydasında kiməsə keçirsə, onda həmin varislər də borcun ödənilməsinə cavabdeh olur. Amma burada vacib məqam var: onlar borcu yalnız miras qalmış əmlakın dəyəri həddində ödəyirlər. Başqa sözlə, əgər miras olaraq heç nə qalmayıbsa, ailə də heç nə ödəmək məcburiyyətində deyil”.
A.Abbasovun dediklərinə görə, əgər varis mirası qəbul edibsə (məsələn, evin sənədini öz adına keçiribsə), sonradan məlum olsa ki, mərhumun krediti var imiş, bank pulu həmin varisdən tələb edə bilər:
“Amma yenə də yalnız mirasın dəyəri qədər. Əgər varis ümumiyyətlə mirasdan imtina edibsə və ya heç nə götürməyibsə, bank ondan heç nə tələb edə bilməz”.
Vəkil hansı hallarda kreditin ödəmək lazım olmadığını qeyd edib:
“Əgər miras qalan əmlak yoxdursa;
Əgər varis mirasdan rəsmi qaydada imtina edibsə;
Əgər kredit müqaviləsində “sığorta” olubsa və sığorta şirkəti ödənişi öz üzərinə götürürsə;
Yekun olaraq bank ailədən ancaq mərhumun qoyub getdiyi əmlak varsa nəsə tələb edə bilər”.
