Yeni mövsüm öncəsi transfer çalışmalarını sürətləndirən Qalatasarayda “10 nömrə” axtarışı davam edir. Sarı-qırmızılıların hücum xəttini gücləndirmək üçün iki gənc istedadı əsas namizəd kimi müəyyənləşdirdiyi iddia olunur.
Referans Media xəbər verir ki, İstanbul təmsilçisi yeni oyun qurucusunu Rusiya və Portuqaliya bazarından seçməyi planlaşdırır. Qalatasarayın transfer siyahısında Aleksey Batrakov və Rodrigo Mora yer alır.
21 yaşlı Aleksey Batrakov hazırda "Lokomotiv Moskva" forması geyinir. Gənc yarımmüdafiəçi texniki bacarığı və oyun qurmaq qabiliyyəti ilə diqqət çəkir.
Digər namizəd isə "Porto"nun 19 yaşlı istedadı Rodrigo Moradır. Portuqaliyalı futbolçu yaradıcılığı və hücumdakı çevikliyi ilə Avropanın bir sıra klublarının diqqətini çəkib.
Transfer dönəmində passiv qalması səbəbilə tənqid olunan "Qalatasaray" rəhbərliyinin yaxın günlərdə heyətə yeni futbolçular qatmaq üçün danışıqları sürətləndirdiyi bildirilir.
İddialara görə, klubun əsas hədəflərindən biri Rafael Leãonun məcburi satınalma şərti ilə icarəyə götürülməsi, digər tərəfdən isə Can Uzunun transfer edilməsidir.
Rəhbərliyin avqustun 8-dək ən azı bir neçə transferi rəsmiləşdirmək istədiyi qeyd olunur.
"Qalatasaray"ın 10 nömrə mövqeyi üçün seçim etdiyi iki futbolçudan birinin heyətə qatılması ilə komandanın hücum yaradıcılığının artırılması planlaşdırılır. Sarı-qırmızılı azarkeşlər isə yeni mövsümdə formanı geyinəcək ulduzun kim olacağını maraqla gözləyir.
