2030-cu il Dünya Kubokunun finalı bu ölkədə olacaq – Sürpriz

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 2030-cu il Dünya Kubokunun final oyununu əvvəlcədən gözlənildiyi kimi İspaniyanın paytaxtı Madriddə deyil, Mərakeşdə keçirməyi nəzərdən keçirir.

Referans Media xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, FIFA prezidenti Canni İnfantino 2027-ci ilin martında keçiriləcək təşkilatın prezident seçkilərində dəstək qazanmaq məqsədilə Mərakeş Kral Futbol Federasiyasına (FRMF) 2030 Dünya Kubokunun finalına ev sahibliyi edəcəyi ilə bağlı vəd verib.

Məlumatda bildirilir ki, İnfantino çərşənbə günü əsas komandasını Mərakeşin paytaxtı Rabatda toplantıya çağırıb. Görüş zamanı müxtəlif milli futbol assosiasiyalarının onu qarşıdakı seçkilərdə dəstəkləməsi üçün diplomatik danışıqların aparıldığı iddia olunur.

“The Times” yazır ki, FIFA rəhbəri müxtəlif federasiyaları onun namizədliyini dəstəkləyən rəsmi bəyanatlar verməyə təşviq etməyə çalışır./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki