Yaponiyanın Baş naziri Takaiçi Sanaenin parlamentdə çıxışında Tayvana hər hansı bir müdaxiləni “ölkəsinin mövcudluğuna təhdid” hesab edəcəyi və hərbi güc tətbiq edə biləcəyi barədə dediyi sözlər həmin regionu ərazisinin bir hissəsi hesab edən Çinin cavabını gecikdirmədi. Rəsmi Pekin bu bəyanata sərt reaksiya verərək xanım Takaiçidən sözünü geri götürməsini tələb etdi. Lakin Yaponiyanın baş naziri sonrakı çıxışında bu məsələ ilə bağlı mövqeyini yumşaltsa da dediyini təkzib etmədi. Buna cavab olaraq Pekin hökuməti Yaponiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb etiraz notası verdi. Müxtəlif sahələrdə Çindən Yaponiyaya sanksiyalar tətbiq edildi. Hətta indi iş o yerə çatıb ki, iki ölkə arasında dostluq rəmzi sayılan pandaların da Yaponiyadan Çinə qaytarılması qərara alınıb. Yaponiya hökuməti 2021-ci ildə Tokionun Ueno Zooparkında anadan olan Xiao Xiao və onun bacısı Lei Leinin 2026-cı il yanvar ayının sonunda Çinə qaytarmalı olduqlarını açıqlayıb. Bəyanatda deyilir ki, əkiz pandaları görmək üçün ictimai ziyarətlərin son günü 25 yanvardır.
Pandalar gündoğan ölkəyə ilk dəfə 1972-ci ildə – Yaponiya ilə Çin arasında diplomatik münasibətlərin normallaşmasından sonra icarə müqaviləsi əsasında gətiriliblər. Onların xoş görünüşü yaponlar tərəfindən çox sevilib. Tokiolular bu məsum heyvanlardan ayrılacaqlarından çox məyus olublar. Ona görə də zooparkda Xiao Xiao və Lei Leiyə baxmağa gələnlərin sayı son günlər lap artıb. Şəhər administrasiyası bunu nəzərə alaraq ziyarətçilər üçün xüsusi qaydalar elan edib. Artıq pandaları görmək üçün hər kəsə yalnız bir dəqiqə vaxt verilir. Dekabrın 23-dən etibarən is əvvəlcədən sifariş tələb olunacaq.
Yaponiya ilə Çin arasında diplomatik münasibətlərin düzəlməsindən sonra yaponlar üçün ən birinci Kanq Kanq və Lan Lan adlı pandalar hədiyyə göndərilib. Linq Linq adlı panda isə 1992-ci ildə, diplomatik münasibətlərin normallaşmasının 20-ci ildönümündə zooparka göndərilmişdi. Hazırki əkiz heyvanlar Ri Ri və Xin Xinin ailəsində dünyaya gəliblər. Onların Xiang Xiang adlı balaları 2023-cü ilin fevral ayında, özləri isə 2024-cü ilin sentyabrında Çinə göndərilib. Bu ilin iyun ayında Vakayama prefekturasının Şirahamada yerləşən “Adventure World” tematik parkından dörd panda da geri qaytarılıb və yalnız iki əkiz Uenoda qalıb. Onların da icarə müddəti fevralın 20-də bitəcəyinə görə Tokio Böyük Şəhər Hökuməti iki pandanın Yaponiyada saxlanmasını və ya onlara yeni pandalar verilməsini Çin hökumətindən xahiş ediblər. Çünki 50 ildən çoxdur bu proses belə davam edirdi. İndi yapon baş naziri Takaiçinin sərt bəyanatından sonra Yaponiya-Çin münasibətləri pisləşdiyinə görə Yaponiya “sıfır panda” dedikləri dövrə hazırlaşır.
Sima Babayeva
