Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın Bakıda həbsdə olan Qarabağdakı keçmiş qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanla bağlı təklifini rədd edib.
Referans xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
“Ruben Vardanyanın ailəsi və dostları onun azadlığa çıxması üçün əllərindən gələni edirlər. Nüfuzlu erməni fiqurları Trampın qızının əri ilə əlaqə saxlayıb, danışıqlar aparıblar. ABŞ lideri İrəvanın bu barədə təklifinə müdaxilə etməyə razılaşıb. Bu məsələ Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts vasitəsilə Paşinyana çatdırılıb. Vardanyanla bağlı hərəkətə keçmək üçün Ağ Ev rəhbərinə sadəcə rəsmi əsas lazın idi, bunun üçün isə İrəvan hökumətinin müraciət sənədinə ehtiyac vardı. Lakin Paşinyan və komandası təklifi rədd edib, – deyə nəşr bildirib.
“Hraparak” qeyd edib ki, Paşinyan belə bir sənədin Ermənistan–Azərbaycan sülh müqaviləsinin imzalanmasına mane olacağını vurğulayıb.
Qeyd edək ki, Ermənistan hökuməti Bakıda həbsdə saxlanılan keçmiş qondarma rejimin “rəsmilərinin” azad edilməsi üçün beynəlxalq səviyyədə müəyyən işlər gördüklərini açıqlayıblar. Lakin Paşinyana yaxın qüvvələrin məlumatına görə, hakim komanda Vardanyan və digərlərinin düşünülənin əksinə, Bakıda həbsxanada qalmalarını, İrəvana qayıtmamalarını istəyirlər. Baş nazirin sözügedən şəxsləri Ermənistanbın təhlükəsizliyinə təhdid olaraq gördüyü iddia edilir.//
Globalinfo.az