Ermənistanda keçirilən parlament seçkilərində Baş nazir Nikol Pashinyanın qələbə qazanaraq hakimiyyətdə qalması Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Xüsusilə sülh sazişinin imzalanması, regional kommunikasiyaların açılması və Zəngəzur dəhlizi ilə bağlı perspektivlər diqqət mərkəzindədir.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, Azərbaycan-Ermənistan sülh prosesinin bundan sonra davam etməsi baxımından Paşinyanın hakimiyyətdə qalması daha əlverişli variant hesab oluna bilər.
Onun sözlərinə görə, başqa siyasi qüvvələrin hakimiyyətə gəlməsi sülh prosesinin yarımçıq qalması riskini artırardı:
“Şübhəsiz ki, Azərbaycan-Ermənistan sülh prosesinin bundan sonra davam etmə şansları varsa, bu daha çox Paşinyanın hakimiyyətdə qalması variantı ilə mümkündür. Çünki əks halda başqa siyasi qüvvələrin hakimiyyətə gəlməsi sülh prosesinin yarımçıq qalmasına daha çox səbəb ola bilərdi”.
Politoloq qeyd edib ki, Paşinyanın hakimiyyətdə qalması sülh prosesinin avtomatik şəkildə yekunlaşacağı anlamına gəlmir:
“Əlbəttə, iddia etmək olmaz ki, Paşinyan seçildikdən sonra dərhal sülh prosesini sona çatdıracaq. Sülh sazişinin imzalanması yolunda yeni maneələr var və yeniləri də yarana bilər. Ona görə də Paşinyan bu maneələrin aradan qaldırılması üçün lazımi iradə nümayiş etdirməlidir”.
A.Quliyev vurğulayıb ki, hələ də Paşinyanın sülh gündəliyinə nə dərəcədə sadiq qalacağı ilə bağlı suallar mövcuddur:
“Hələlik o da bəlli deyil ki, yeni siyasi şəraitdə Paşinyan sülh sazişinin imzalanması istiqamətində lazım olan iradəni sona qədər nümayiş etdirəcək, yoxsa etməyəcək. Onun bu baxımdan tam müstəqil hərəkət edib-etməyəcəyi və ya başqa qüvvələrin təsiri altında olub-olmayacağı da hələlik sual doğuran məqamlardandır”.
Politoloqun fikrincə, buna baxmayaraq, sülh prosesinin yekunlaşması baxımından ən real perspektiv yenə də Paşinyanın hakimiyyətdə qalması ilə bağlıdır:
“Amma yenə deyirəm ki, sülh sazişinin sona çatdırılması perspektivində ən çox şanslar Ermənistanda Paşinyanın hakimiyyətdə qalması ilə bağlıdır. Çünki digər alternativ siyasi qüvvələrin demək olar ki, hamısı Azərbaycanla sülh prosesinə tənqidçi və iddialı mövqedən yanaşır, hətta bu prosesi dayandırmağa çalışan qüvvələr kimi çıxış edirlər”.
Aydın Quliyev əlavə edib ki, bundan sonrakı mərhələdə Ermənistan Konstitusiyası ilə bağlı addımlar xüsusi əhəmiyyət daşıyacaq:
“Çox şey Ermənistan Konstitusiyasının dəyişdirilməsi istiqamətində Paşinyanın ciddi addımlar atmasından asılı olacaq. Bu sahədə konkret qərarların verilməsinə böyük ehtiyac var”.
Gülnaz Abdullazadə
