backend

Paşinyanın əsas rəqibi odur: “Bütün taktikalardan istifadə ediləcək”

Paşinyan iyunda keçiriləcək seçkilərə qədər özünə ən böyük təhlükə hesab etdiyi II Qareginə qarşı bütün imkanlardan istifadə edir. Kilsəyə öz adamlarını yerləşdirmək Ermənistan Baş naziri Nikol Paşinyan ilə Qafqazın erməni apostol kilsəsinin rəhbəri, katolikos II Qaregin arasındakı siyasi-dini qarşıdurma daha da kəskinləşir. Paşinyan hakimiyyəti kilsə daxilində katolikosun mövqelərini zəiflətmək üçün xüsusi qrup formalaşdırıb. İddialara əsasən həmin qrupun əsas tapşırığı II Qareginin yaxın çevrəsində narazılıqlar yaratmaq, onun nüfuzuna zərbə vurmaq və kilsənin rəhbər strukturlarında Baş nazirin maraqlarına uyğun dəyişikliklərə zəmin hazırlamaqdır.

İddialara görə, proses 2026-cı ilə nəzərdə tutulan seçkilər ərəfəsində daha strateji xarakter daşıyır.

 

Siyasi şərhçi Aytən Qurbanova məsələ ilə bağlı Sfera.az-a bildirib ki, Paşinyan – II Qaregin qarşıdurması artıq uzun müddətdir davam edir və tərəflər arasında gərginlik 2026-cı il seçkilərinə qədər daha da yüksəlir:

“Paşinyan və II Qaregin arasındakı qarşıdurma bir müddətdir davam edir və düşünürəm ki, bu proses seçkilərə qədər ardıcıl şəkildə davam edəcək. Kilsə Paşinyan hakimiyyətinin legitimliyinin sonlandırılması, onun siyasi xəttinin tənqid edilməsi və ictimai rəydə hakimiyyətə qarşı narazılığı artırmaq üçün ideoloji təbliğat vasitələrindən fəal istifadə edir”.

Onun sözlərinə görə, bu proses Paşinyanın həm mövcud hakimiyyətinin davamlılığına, həm də seçkilərdə qalib gəlmək ehtimalına ciddi zərbə vurur:

“Kilsənin nüfuzunun zəiflədilməsi və ona olan etimadın azaldılması istiqamətində Paşinyanın atdığı addımlar da bu məqsədə xidmət edir. Xüsusilə II Qareginin dini fiqurdan siyasi platformaya inteqrasiya cəhdləri Paşinyan üçün real təhlükə yaradır”.

 

 

A.Qurbanova Paşinyanın yalnız daxili deyil, həm də xarici aktorların kilsə vasitəsilə ölkənin siyasi proseslərinə təsir göstərməsinin qarşısını almağa çalışdığını qeyd edib:

“Keşişlərin həbsi, şəxsi həyatlarına dair məlumatların mediada tirajlanması, nüfuzlarının aşağı salınması da bu mübarizənin bir hissəsidir. Paşinyan 2026-cı il seçkilərinə qədər kilsədəki radikal qruplaşmaların təsirini zəiflətməyə çalışacaq. Qarşıdurmanın nəticələri isə yaxın dövrdə daha açıq formada özünü göstərəcək”.

 

Siyasi şərhçi Şakir Ağayev isə bildirib ki, Paşinyan seçkilərə qədər ən ciddi rəqibinin məhz II Qaregin olduğunu yaxşı anlayır və ona görə müxtəlif taktikalardan istifadə edir:

“Paşinyan iyunda keçiriləcək seçkilərə qədər özünə ən böyük təhlükə hesab etdiyi II Qareginə qarşı bütün imkanlardan istifadə edir. Kilsəyə öz adamlarını yerləşdirmək istəyi də tam təbiidir. O, kilsədə baş verənlərdən xəbərdar olmaq və bu strukturu öz əleyhinə çevrilmədən qorumaq istəyir”.

“Gümrünün tutulması, Karapetyanın həbsi, bir sıra müxalif biznes adamlarına qarşı tədbirlər göstərir ki, Paşinyan rəqiblərini sıradan çıxarmaqda qərarlıdır. Amma kilsə adi siyasi strukturlardan fərqlənir, onun nüfuzu hələ də çox böyükdür. Erməni kilsəsinin təkcə Ermənistandakı nümayəndəlikləri yoxdur, ABŞ, İngiltərə, Fransa və Rusiyada da himayəçiləri var. Bu səbəbdən Paşinyanın kilsəyə tam nəzarət etməsi çətin görünür”.

 

“Hazırda Paşinyan məqsədlərinə tam nail ola bilmir. Kilsə də ona qarşı açıq mübarizə aparır. Hər iki tərəf seçkilərə qədər bütün gücü ilə mübarizə aparacaq və nəticə elə məhz seçkilər zamanı bəlli olacaq. Ermənistan siyasi səhnəsində hakimiyyət–kilsə qarşıdurması artıq gizli proses olmaqdan çıxıb və ölkənin gələcək siyasi mənzərəsini müəyyən edəcək əsas faktorlardan birinə çevrilib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki