Paytaxtda bayram coşqusu: Bakı bulvarında Milli Qurtuluş Günüylə bağlı İZDİHAM- VİDEO

Dənizkənarı Milli Parkda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş təntənəli konsert proqramına hazırlıq işlərinə başlanılıb.

Məlumata görə, saat 20:00-da start götürəcək kütləvi tədbiri izləmək üçün artıq indidən Bakı bulvarına yüzlərlə paytaxt sakini və şəhərin qonaqları axışır. Əllərində üçrəngli dövlət bayrağımızı dalğalandıran uşaqdan-böyüyə hər kəs ərazidə əsl bayram əhval-ruhiyyəsi yaradır.
Tarixi vərəqləsək, 1993-cü ilin iyun ayı Azərbaycanın müasir tarixinə dönüş nöqtəsi kimi həkk olunub. Məhz həmin ağır sınaq günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz çiyinlərinə götürüb. Ulu öndərin qətiyyəti sayəsində ölkəmiz xaos və anarxiyadan xilas olub, dövlət müstəqilliyimiz qorunub saxlanılıb və ölkədə uzunmüddətli sabitliyin təməli qoyulub.

Bu gün dahi şəxsiyyətin müəyyənləşdirdiyi uzaqgörən inkişaf strategiyası Azərbaycanı regionun şəksiz liderinə və beynəlxalq arenada söz sahibi olan qüdrətli bir dövlətə çevirib. Bu parlaq ideyalar Prezident İlham Əliyevin rəhbərliyi ilə əzmlə davam etdirilir və ölkəmizi daha böyük zirvələrə doğru aparır./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki