image-pentagon-iran-savasinin-bugune-kadarki-maliyeti-19791880_1825_ampbackend

Pentaqon şok rəqəmi açıqladı – gündəlik 1 milyard dollar xərclənir

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranla davam edən müharibənin indiyədək ümumi xərclərinin təxminən 25 milyard dollara yaxınlaşdığını açıqlayıb.

Referans Media xəbər verir ki, Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi rəsmiləri Konqresdə verdikləri hesabatda xərclərin əsas hissəsinin döyüş sursatı, hərbi əməliyyatlar və zədələnmiş texnikanın yenilənməsinə sərf olunduğunu bildirib.

“Epik Qəzəb Əməliyyatı” adı altında aparılan hərbi əməliyyatın gündəlik xərclərinin təxminən 1 milyard dollara yaxın olduğu qeyd olunur. Bu isə müharibənin uzanması ilə birlikdə maliyyə yükünün sürətlə artmasına səbəb olur.

Pentaqonun maliyyə məsələləri üzrə rəsmisi Culs Hörst xərclərin hələ yekunlaşmadığını və rəqəmin daha da arta biləcəyini bildirib. Müdafiə naziri Pit Heqset isə tənqidlərə cavab verərək əsas prioritetin İranın nüvə silahına sahib olmasının qarşısını almaq olduğunu vurğulayıb.

Konqresdə keçirilən iclasda həm demokratlar, həm də respublikaçılar əməliyyatın məqsədi və maliyyə yükü ilə bağlı ciddi suallar qaldırıb. Tənqidçilər müharibənin həm iqtisadi, həm də diplomatik baxımdan ABŞ üçün ağır nəticələr doğurduğunu bildiriblər.

Məlumata görə, genişmiqyaslı hərbi əməliyyatlar ABŞ-ın raket və hava hücumundan müdafiə sistemlərinin də ciddi şəkildə istifadə olunmasına gətirib çıxarıb. Bu isə ölkənin hərbi ehtiyatlarında azalmaya səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki