image-kilobackend

Piylənmə sürətlə yayılır: Son 30 ildə 2 dəfə artıb

Dünyada hər 8 nəfərdən 1-i piylənmə (obezite) ilə yaşayır. Yetkinlər arasında piylənmə səviyyəsi 1990-cı ildən bəri 2 dəfədən çox artıb, yeniyetmələrdə isə bu göstərici 4 dəfə yüksəlib.

Referans Media xəbər verir ki, 4 Mart – Dünya Piylənmə Günü ilə bağlı açıqlanan məlumatlara görə, Dünya Səhiyyə Təşkilatı (DST) artıq çəki və piylənməni qlobal sağlamlıq problemlərindən biri kimi qiymətləndirir. DST-yə əsasən, bədən kütlə indeksi 25-dən yuxarı olanlar artıq çəkili, 30-dan yuxarı olanlar isə piylənmədən əziyyət çəkən hesab olunur.

Piylənmə tip 2 diabet, ürək-damar xəstəlikləri, bəzi xərçəng növləri, yuxu pozğunluğu və hərəkət məhdudiyyəti riskini artırır. Bu problem əsasən qəbul edilən enerji ilə sərf olunan enerji arasındakı balansın pozulmasından qaynaqlanır və genetik, psixososial və ətraf mühit amilləri ilə də bağlıdır.

2022-ci il məlumatlarına görə, dünyada 18 yaşdan yuxarı 2,5 milyard insan artıq çəkilidir, onların 890 milyondan çoxu piylənmə ilə yaşayır. Yetkinlərin 43 faizi artıq çəkili, 16 faizi isə obezdir.

5-19 yaş arası 390 milyondan çox uşaq və yeniyetmə artıq çəkilidir, onların 160 milyonu piylənmə problemi yaşayır. 1990-cı ildə bu yaş qrupunda piylənmə səviyyəsi 2 faiz olduğu halda, 2022-ci ildə 8 faizə yüksəlib.

DST bildirir ki, piylənmə artıq yalnız yüksək gəlirli ölkələrin deyil, aşağı və orta gəlirli ölkələrin də ciddi problemidir. Qurum qlobal səviyyədə təcili tədbirlərin görülməsinə çağırır və sağlam qidalanma, fiziki aktivlik, şəkərli içkilərin məhdudlaşdırılması və erkən yaşlardan profilaktik tədbirlərin vacibliyini vurğulayır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki