Son dövrlərdə ölkədə rəqəmsallaşma və süni intellektin tətbiqi ilə bağlı müzakirələr intensivləşib. Prezident İlham Əliyev fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirib və bu sahənin prioritet istiqamət olduğunu vurğulayıb. Dövlət başçısı tərəfindən süni intellektlə bağlı müvafiq tapşırıqlar verilib, eyni zamanda bir müddət əvvəl Süni İntellekt Mərkəzinin yaradılması ilə bağlı qərar qəbul olunaraq mərkəz fəaliyyətə başlayıb.
Bəs bu qərar və təşəbbüslər təhsil sisteminə necə təsir edəcək?
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, süni intellektin təhsil sisteminə inteqrasiyası qaçılmazdır və bu proses yaxın illərdə daha da sürətlənəcək.
Onun sözlərinə görə, hazırda dərsliklərin yeni dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində işlər aparılır və süni intellektlə bağlı tədris proqramında müəyyən dəyişikliklər nəzərdə tutulur. “Yəqin ki, fəaliyyət planı təqdim olunduqdan sonra növbəti tədris ilində süni intellekt ya ayrıca fənn kimi, ya da ‘Rəqəmsal bacarıqlar’ fənninin tərkibində yeni bölmə kimi daha geniş formada tədris ediləcək”, – deyə ekspert vurğulayıb.
Elçin Əfəndi qeyd edib ki, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, süni intellekt təhsildə ciddi transformasiya yaradır. “Məsələn, Çin təhsil sistemində artıq ibtidai pillədən bu prosesə start verilib. Azərbaycanda da süni intellektlə bağlı dərsliklərin və tədris proqramlarının hazırlanması mühüm nəticələr verə bilər”, – deyə o əlavə edib.
Ekspert hesab edir ki, proses mərhələli şəkildə həyata keçirilməlidir. İlk növbədə internetə əlçatanlıq tam təmin olunmalı, şagirdlərin fərdi kompüterlərlə təminatı yaxşılaşdırılmalıdır. Onun fikrincə, ilkin mərhələdə pilot layihə kimi başlanılması daha məqsədəuyğundur. “Lakin 2026–2027-ci tədris ilindən etibarən artıq bu prosesə daha geniş keçid mümkün ola bilər”, – deyə o bildirib.
Elçin Əfəndi həmçinin vurğulayıb ki, müəllim və şagirdlərin süni intellekt texnologiyalarına adaptasiyası üçün onların indidən müvafiq bacarıqlara yiyələnməsi vacibdir. Onun sözlərinə görə, artıq həm müəllimlərin, həm də şagirdlərin əksəriyyəti müxtəlif süni intellekt tətbiqləri barədə məlumatlıdır. Əsas məsələ isə bu texnologiyaların təhsil sisteminə düzgün və səmərəli inteqrasiyasıdır.
Gülnaz Abdullazadə























