Ukraynanın dekabrın 29-na keçən gecə Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətində yerləşən iqamətgahına 91 pilotsuz uçuş aparatı (PUA) ilə hücum etməsi fonunda 2026-cı ildə sülh perspektivinin olub-olmaması müzakirə mövzusuna çevrilib. Belə hadisələr fonunda yaxın gələcəkdə sülhün mümkünlüyü sual altına düşür.
Mövzu ilə bağlı politoloq Əli Mustafa bildirib ki, baş verən son hadisələr fonunda yaxın perspektivdə sülh gözləmək real deyil.
Əli Mustafa qeyd edib ki, bu addım məqsədyönlü şəkildə atılıb və gərginliyin daha da artmasına xidmət edir.
“ABŞ Prezidenti Donald Tramp da baş verənlərdən narahatlığını ifadə edib və məsələ ilə bağlı araşdırma aparılacağı ehtimal olunur. Ukrayna Prezidenti Volodimir Zelenski isə hücumla bağlı məlumatlı olmadığını bildirib”, – deyə o əlavə edib.

Politoloqun fikrincə, mövcud vəziyyət 2026-cı ildə Ukrayna–Rusiya münasibətlərinin daha da kəskinləşə biləcəyini göstərir. O hesab edir ki, münaqişə yalnız regional çərçivədə qalmaqla kifayətlənməyə bilər və daha geniş coğrafiyaya yayılma riski daşıyır.
“Mümkün ssenarilər sırasında ABŞ–Venesuela və Çin–Tayvan arasında qarşıdurmaların baş verməsi də istisna edilmir. Dünya ölkələrinin sürətlə silahlanması isə 2026-cı ilin qlobal miqyasda daha gərgin keçəcəyinə işarə edir”, – deyə Əli Mustafa qeyd edib.






















