Sənədsiz evlərin qaz, su, elektrik və digər kommunal xidmətlərə qoşulması məsələsi ilə bağlı müzakirələr davam edir. Mövcud qanunvericiliyin bu sahədə hansı imkanları yaratdığı və müvəqqəti qoşulma mexanizminin tətbiqinin mümkün olub-olmadığı isə cəmiyyət üçün aktual suallardandır.
Referans Media-ya açıqlama verən kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov bildirib ki, sənədsiz evlərin birbaşa kommunal şəbəkələrə qoşulmasını nəzərdə tutan ayrıca qanun yoxdur və bu tikililər mütləq qaydada sənədləşdirilməlidir. Onun sözlərinə görə, vaxtilə bəzi qurumlar torpaq sahələrinə lazımi araşdırma aparmadan sənəd verib və bunun əsasında tikintiyə icazə verilib.
Ekspert qeyd edib ki, sonradan məlum olub ki, həmin ərazilərin bir hissəsi kommunikasiya xətlərinin mühafizə zonasında yerləşir və bu baxımdan qanunsuz sayılır. “Kanalizasiya xətlərinin, qaz borularının, su magistrallarının üzərində tikilən evlər var. Buna görə də qanundan kənar minlərlə belə tikili mövcuddur və indi onların qanuniləşdirilməsi prosesi aparılmalıdır”, – deyə o vurğulayıb.
N.Qasımov əlavə edib ki, dövlətin bununla bağlı qərarı var və əgər tikili qanuna uyğun inşa olunubsa, hər hansı normadan kənarlaşma yoxdursa, həmin evlərin sənədləşdirilməsinə icazə veriləcək.
Ekspert sənədsiz evlər üçün müvəqqəti kommunal qoşulma sisteminin tətbiqinin mümkün olmadığını da bildirib. Onun sözlərinə görə, belə bir mexanizm mövcud deyil: “Əgər qanunsuz tikiliyə işıq, su və ya kanalizasiya qoşularsa, sonradan fəsad yarananda qanunsuzluğa yol verən şəxslər sual edəcəklər ki, sənəd yox idisə, niyə kommunal xidmət göstərilirdi?”
Nüsrət Qasımov vurğulayıb ki, torpaq və kommunikasiya xətləri dövlət mülkiyyətidir və onlardan istifadə yalnız qanun çərçivəsində mümkündür. Dövlət əmlakından istənilən formada istifadə etmək olmaz və bütün proseslər qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir.
Gülnaz Abdullazadə
