Siyəzəndə Beşbarmaq dağında paraşütlə uçan qadının qayaya çırpılaraq həlak olması ictimaiyyətin diqqət mərkəzindədir. Məlumata görə, Nuranə Məcidova özünəməxsus olan paraşütlə solo uçuş edib. Uçuşun 500 metr hündürlükdə həyata keçirildiyi və qadının havada idarəetməni itirdiyi qeyd edilir. Bu hadisə Azərbaycanda fərdi şəkildə paraşütlə uçuş qaydalarını gündəmə gətirib. Ölkədə bu fəaliyyət üçün xüsusi lisenziya tələb olunub-olunmaması isə açıq sual olaraq qalır.
Azərbaycanda paraşüt sahibi olmaq üçün xüsusi lisenziya tələb olunurmu? Yoxsa hər kəs paraşüt alıb uçuş edə bilər?
Globalinfo.az-a danışan Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) sabiq prezidenti Arzu Mustafayev deyib ki, sözügedən qadın adi yox, yamac paraşütü ilə uçuş edib:
“Dünyada bu sahə Mülki Aviasiya haqqında qanunla tənzimlənir və İdman Federasiyaları müvafiq lisenziyalar verir. Ölkəmizdə əvvəllər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) patronajı Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası fəaliyyət göstərirdi. Bu qurum Beynəlxalq Aeronaftika Federasiyasının (FAİ) üzvü olub. 2015-2016-cı illərdə Hollandiya təlimçiləri ölkəmizə dəvət edilərək, həvəskar pilotlara “həvəskar” kateqoriyalı lisenziyalar təqdim etdi. Lakin 2018-ci ildən sonra nazirlik bu işi davam etdirməkdən imtina etdi, havaçılıq klubları isə dəstəksiz və diqqətsiz qaldı”.
A.Mustafayev qeyd edib ki, ölkədə bu sahədə tam nəzarətsizlik yaranıb:
“5 il bundan öncə FAİREX-in fəaliyyətini dayandırması ilə ölkəmizin FAİ-də rəsmi təmsil olunması prosesi dayanmış oldu. Hazırda yalnız xarici ölkələrdə FAİ sertifikatı almış bir neçə pilotumuz var. Ümumilikdə bu sahədə xaotik vəziyyətdədir. Yəni istənilən adam paraşüt alıb uçuş edə bilir və hər hansı uçot, qeydiyyat və nəzarət həyata keçirilmir”.
Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinə sorğu ünvanladıq. Mövzu ilə əlaqədar tezliklə açıqlama veriləcəyi bildirildi.
Qeyd edək ki, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğudur. Əraziyə Dövlət Turizm Agentliyi nəzarət edir.