Xəbər verdiyimiz kimi ötən gün axşam radələrindən başlayaraq, Qəbələ rayonu ərazisində qeyri-sabit hava şəraiti hökm sürüb, güclü küləklə müşayiət olunan leysan yağıb, dolu düşüb.
Referans Media Bizim.Media-nın yerli bürosuna istinadən xəbər verir ki, leysan yağışları və küləkli hava Qəbələ və kəndlərində böyük fəsadlar törədib.
Belə ki, güclü külək və yağışla müşayiət olunan qeyri-sabit hava şəraiti Qəbələ şəhərində, eləcə də Vəndam qəsəbəsi, Nohurqışlaq, Girvə, Zarağan və Aydınqışlaq kəndlərində dağıntı və böyük ziyana səbəb olub. Anidən başlayan külək ağacların yıxılması, elektrik naqillərinin qırılması eləcə də şəhərdə və kəndlərdə elektrik enerjisinin verilməsində fasilələr yaradıb.
Güclü külək keçmiş hərbi şəhərciyin ərazisində 20-dən artıq ağacın aşmasına və elektrik xətlərinin sıradan çıxmasına səbəb olub.
Rayonun Nohurqışlaq kəndindəki istirahət mərkəzi, eləcə də bu yaşayış məntəqəsindəki fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Nəticədə evlərin və yardımçı tikililərin dam örtüyü tamamilə yararsız hala düşüb.
Təbii fəlakətin aradan qaldırılması üçün rayonun əksər idarə və təşkilatları, canlı qüvvə və texnikalar cəlb olunub. Əksər ərazilərə elektrik enerjisinin verilməsi bərpa olunub, qalan istiqamətlərdə fəaliyyət davam etdirilir.
Rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları ziyan dəymiş ərazilərə baxış keçirir.





