Qlobal temperatur artımı 1,5 dərəcə həddini keçəcək - PROQNOZ

Alimlər qlobal temperatur artımının dörd il ərzində 1,5 dərəcə Selsi artacağını proqnozlaşdırırlar.
Referans Media  xəbər verir ki, dünyanın 17 ölkəsindəki 70-dən çox alim tərəfindən hazırlanan "Qlobal İqlim Dəyişikliyi Göstəriciləri" hesabatı dərc olunub.

Hesabata görə, bütün iqlim sistemi sürətlə istiləşməyə davam edir.

İnsan fəaliyyətinin yaratdığı iqlim dəyişikliyi səbəbindən ötən il qlobal temperatur artımı 1850-1900-cü illərin sənaye öncəsi orta göstəricisini 1,37 dərəcə Selsi yüksək olub. Keçən ilki istiləşmə tempi rekord həddə çatıb.

Məlumata görə, qlobal temperatur artımı 2016-2025-ci illər üçün 1,26 dərəcə Selsi olaraq ölçülüb.

İstixana qazı tullantılarının kəskin artması bu sürətlənmiş istiləşmənin əsas amilidir. Əsasən qalıq yanacaqların yandırılması nəticəsində yaranan istixana qazı tullantıları 2024-cü ildə 56,8 milyard ton karbon qazı ekvivalenti ilə rekord həddə çatıb.

Alimlər sürətlənən istiləşmə səbəbindən qlobal temperatur artımının təxminən dörd il ərzində 1,5 dərəcə Selsidən çox ola biləcəyini proqnozlaşdırırlar.

İqlim dəyişikliyinə qarşı mübarizə çərçivəsində 2015-ci ildə imzalanan Paris Sazişi, qlobal temperatur artımını əsrin sonuna qədər 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmağı və ya 2 dərəcədən aşağı saxlamağı hədəfləyir, lakin nəticələr bu həddi aşma riskinin artdığını göstərir.

Qlobal temperatur artımını məhdudlaşdırmaq üçün ölkələr 2030-cu ilə qədər dekarbonizasiya səylərini əhəmiyyətli dərəcədə artırmalıdırlar.
 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki