Ramazanın ilk günündə Şara sərəncam imzaladı – Amnistiya elan olundu

Suriyanın Prezidenti Əhməd əl-Şaraa Ramazanın ilk günündə imzaladığı sərəncamla ölkədə ümumi amnistiya elan edib. Qərar cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Müddətsiz həbs cəzaları azaldılır

Referans Media xəbər verir ki, Sərəncama əsasən: Müddətsiz (ömürlük) həbs cəzaları 20 il müddətli həbs cəzası ilə əvəz ediləcək, müvəqqəti ağır həbs cəzalarının yarısı bağışlanacaq, xırda xətalar və bəzi cinayətlər üzrə verilmiş cəzalar isə tamamilə ləğv olunacaq.

Hansı cinayətlər amnistiyaya daxildir?

Ümumi amnistiya aşağıdakı halları əhatə edir: Qaçaqmalçılıq cinayətləri, müəyyən kibercinayətlər, valyuta mübadilə məntəqələri ilə bağlı pozuntular, Suriya lirəsindən kənar əməliyyatlarla bağlı bəzi qanun pozuntuları.

Silahların təhvil verilməsi şərti

Silah və sursatla bağlı cinayətlər üzrə cəzalar, qərarın dərcindən etibarən 3 ay ərzində silahların səlahiyyətli orqanlara təhvil verilməsi şərti ilə tam bağışlanacaq. Adam oğurluğu hallarında isə zərərçəkmiş şəxsin könüllü və qarşılıqsız azad edilməsi, həmçinin müəyyən edilmiş müddətdə təslim olunması tələb edilir.

Xüsusi kateqoriyalar üçün güzəştlər

Sərəncam ağır xəstəliyi olan və ya müəyyən yaş həddini keçmiş məhkumlara da şamil oluna bilər. Bu şəxslərin amnistiyadan yararlanması tibbi komissiyaların rəyindən sonra mümkün olacaq.

Hansı cinayətlər amnistiyaya düşmür?

Aşağıdakı ağır cinayətlər amnistiya siyahısına daxil edilməyib: İşgəncə; İnsan alveri; Suriya xalqına qarşı ağır hüquq pozuntuları; Digər ağır xarakterli cinayətlər.

Qeyd edək ki, bir sıra ərəb ölkələrində Ramazan ayı münasibətilə dövlət başçıları tərəfindən məhkumların müəyyən hissəsinə amnistiya verilməsi praktikası mövcuddur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki