Ramiz Mehdiyevlə bağlı xəbərlər bir neçə gündür ölkə gündəmini zəbt edib. Rəsmi qurum tərəfindən yayılan məlumatlardan sonra onun ev dustaqlığının ləğv edilərək barəsində həbs qətimkan tədbirinin seçilib-seçilməməsi məsələsi aktuallaşıb.
Referans MEDİA-ya açıqlamasında deputat Aydın Hüseynov bildirib ki, belə məsələlərin hüquq mühafizə orqanları və istintaqı aparan mütəxəssislər tərəfindən müəyyənləşdirilməsi daha düzgün olar:
“Hüquq mühafizə orqanlarının işçiləri istintaqın gedişinə uyğun olaraq qərar verirlər. Əsas məsələ odur ki, ittiham olunan şəxslər – Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri – Azərbaycan cəmiyyətini maraqlandıran və dövlətçiliyə qarşı iddia olunan əməllərinə görə layiqli cəzasını alsınlar. Azərbaycan müstəqil dövlət olaraq öz mövqeyini qoruyur və hüquq mühafizə orqanlarının hansı formada qətiimkan tədbiri tətbiq edəcəyi yalnız onların səlahiyyətindədir.”
Mövzu ilə bağlı Referans MEDİA-ya danışan hüquqşünas Elşad İsayev qeyd edib ki, “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin dəyişdirilməsinin əsasları var. Bəzi qətimkan tədbirləri istintaq orqanı, yəni polis və prokurorluq tərəfindən seçilə bilər. Digərləri isə yalnız məhkəmə qərarı ilə tətbiq olunur.
Həbs və ev dustaqlığı qətimkan tədbirləri mütləq məhkəmə qərarı ilə seçilməlidir. Əgər prokurorluq hesab edirsə ki, Ramiz Mehdiyevin ev dustaqlığında qalması üçün prosesual əsaslar yoxdur, məhkəməyə təklif göndərməli və əsaslandırmalıdır ki, onun barəsində həbs qətimkan tədbiri seçilsin. Belə halda həbs qətimkan tədbirinin seçilməsi kifayət qədər əsaslıdır. İndiki mərhələdə iş ibtidai istintaq dövründə olduğuna görə əlavə tədbir gözlənilmir; ən böyük tədbir həbs qətimkan tədbiridir.”
Hüquqşünas əlavə edib ki, gələcəkdə Ramiz Mehdiyəvə qarşı irəli sürülmüş ittiham təsdiqlənərsə, məhkəmə hökmünə əsasən onun barəsində azadlıqdan məhrum etməyə qədər cəza tətbiq oluna bilər.
Gülnaz Abdullazadə






















