Rəsmilər təcili hərəkətə keçdi: Ebola təhlükəsi böyüyür  - Fövqəladə hazırlıq vəziyyətinə keçirildi

Uqanda və Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması fonunda Nigeriya hökuməti 10 ştatda yüksək hazırlıq rejimi elan edib. Ölkədə hələlik təsdiqlənmiş yoluxma halı qeydə alınmasa da, virusun sərhədləri keçərək yayılma ehtimalı ciddi narahatlıq doğurur.

Referans Media xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (NCDC) yaydığı məlumata görə, beynəlxalq səfərlər və sərhəd hərəkətliliyi səbəbindən ölkə potensial risk zonasında hesab olunur.

Məlumata əsasən, Enuqu, Borno, Akva İbom, Kross River, Taraba və Adamava ştatları yüksək risk qrupuna daxil edilib. Kaduna, Katsina, Bauçi və Plato ştatları isə orta riskli ərazilər kimi qiymətləndirilib.

NCDC bildirib ki, hazırda Nigeriyada təsdiqlənmiş Ebola yoluxması aşkarlanmayıb. Bununla belə, federal hökumət bütün aidiyyəti qurumlara müşahidə tədbirlərini gücləndirmək, fövqəladə hazırlıq planlarını yeniləmək və mümkün risklərə qarşı operativ fəaliyyət göstərmək barədə göstəriş verib.

Rəsmi məlumatlara görə, Uqanda və Konqo Demokratik Respublikasında indiyədək 1000-dən çox şübhəli yoluxma halı qeydə alınıb, 247 nəfər isə həyatını itirib.

Qeyd edək ki, ilk dəfə 2007-ci ildə Uqandanın Bundibuqyo bölgəsində aşkarlanan bu Ebola növünə qarşı hazırda təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə üsulu mövcud deyil. Mütəxəssislər virusun yoluxmuş şəxslərin qanı və digər bədən mayeləri ilə təmas nəticəsində yayıldığını, erkən diaqnostika və təcrid tədbirlərinin isə həyati əhəmiyyət daşıdığını vurğulayırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki