Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Rusiya Ukraynaya qarşı müharibədə iştirak üçün xarici vətəndaşların cəlb olunması məqsədilə iş təklifləri, təhsil proqramları, idman tədbirləri və miqrasiya agentliklərindən istifadə edir.

Referans Media  xəbər verir ki, bu barədə “The Telegraph” nəşri Ukraynanın Strateji Kommunikasiyalar Mərkəzinin hesabatına və iştirakçıların ifadələrinə istinadən yazır.
 

Nəşrin məlumatına görə, 2025-ci ildə özünü Maykl kimi təqdim edən 25 yaşlı Keniya vətəndaşına Rusiyada arxa cəbhədə obyektlərin mühafizəsi ilə bağlı iş təklif olunub. Ona birdəfəlik təxminən 5,6 min funt sterlinq və aylıq 1,7 min funt maaş vəd edilib.

Lakin onun sözlərinə görə, Rusiyaya çatdıqdan sonra başa düşmədiyi rus dilində hərbi müqavilə imzalayıb, silahlandırılıb və demək olar ki, heç bir hazırlıq keçmədən Ukraynadakı cəbhəyə göndərilib.

“Bizə zirehli gödəkçələr və silah verdilər, sonra isə irəli getməyi əmr etdilər. Heç kim mənə təlim keçmədi. Silahdan istifadə etməyi başqalarına baxaraq öyrəndim”, – deyə o bildirib.

Hesabat müəlliflərinin iddiasına görə, Kreml Afrika ölkələrindəki sosial-iqtisadi problemlərdən və insanların xaricdə iş tapmaq istəyindən istifadə edərək onları Rusiyaya cəlb edir, daha sonra isə hərbi müqavilələr bağlamağa sövq edir.

Ukrayna hərbi kəşfiyyatının məlumatına əsasən, Rusiya ordusu ilə müqavilə bağlayan Afrika ölkələri vətəndaşlarından ən azı 2965 nəfərin kimliyi müəyyənləşdirilib. Onların arasında əsasən Keniya, Misir, Kamerun, Qana, Nigeriya, Uqanda, Əlcəzair, Mali, Cənubi Sudan və Cənubi Afrika Respublikası vətəndaşları yer alır.

Maykl bildirib ki, əvvəlcə ərzaq daşınması ilə məşğul olsa da, sonradan ön xəttə göndərilib və daim Ukrayna pilotsuz uçuş aparatlarının hücum təhlükəsi ilə üzləşib.

Daha sonra fərarilik edərək Keniya səfirliyinin köməyi ilə ölkəsinə qayıda bilib.

Onun sözlərinə görə, birlikdə Rusiyaya gedən yeddi nəfərdən biri həlak olub, biri itkin düşüb, qalanları isə geri qayıdıb. Maykl həmçinin vəd edilən ödənişləri almadığını deyib.

“Bu, mənim razılaşdığım iş deyildi. Müharibə isə heç vaxt asan olmur”, – deyə o vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl “Foreign Policy” nəşri də Rusiyanın Ukraynaya qarşı müharibə üçün xarici vətəndaşların cəlb edilməsini genişləndirdiyini yazmışdı. Nəşr Keniya vətəndaşı Klinton Moqesanın nümunəsini göstərərək bildirib ki, ona Rusiyada iş təklif olunsa da, qısa müddət sonra hərbi hazırlığa cəlb olunub və sonradan işğal olunmuş Ukrayna ərazilərində həlak olduğu təsdiqlənib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki