Rusiya Azərbaycan ARASINDA GƏRGİNLİK OLACAQ? – Əgər belə davam edərsə…backend

Rusiya Azərbaycan ARASINDA GƏRGİNLİK OLACAQ? – Əgər belə davam edərsə…

“Rusiya Azərbaycanın Krımı və yeni regionları, yəni Ukraynanın işğal edilmiş digər əraziləri tanımasına ümid edir. Rusiya ilə Ukrayna arasında sülh sazişi bağlanmadan sadəcə atəşkəs əldə olunsa və cəbhəboyu münaqişə dayandırılsa, bura Ermənistanla Azərbaycan arasında Qarabağ kimi “mübahisəli” əraziyə çevriləcək”. Bu günlərdə bu fikirləri Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski ifadə edib. Medinskinin işğal olunmuş Ukrayna ərazilərini Qarabağla müqayisə edən bəyanatı rəsmi Moskvanın müəyyən şərtlər daxilində sülhə imza atmağa hazır olduğunu göstərir.


Ümumiyyətlə rəsmi Kremlin bu mövqeyi ilə Azərbaycana nəyi diktə etmək istəyir? Azərbaycanın bu mövzuda konkret mövqeyi nədən ibarət olmalıdır?

Mövzu ilə bağlı “Milli İstiqlal Partiyası”nın sədri Arzuxan Əlizadə REFERANS-ın suallarını cavablandırıb. Arzuxan Əlizadə bildirib ki, Rusiya prezidentinin köməkçisi Medenskinin açıqlaması yumşaq desək olduqca yanlış açıqlamadır və məsələyə yanlış yanaşmadır. Heç bir halda Azərbaycan Rusiya münasibətlərinin ruhuna uyğun deyil. Ən azından prezidentin köməkçisi onun fərqində olmalıdır ki, köməkçisi olduğu Rusiya prezidenti Vladimir Putin Qarabağın Azərbaycan torpaqları olduğunu etiraf edib və bu tarixi danılmaz bir faktdır ki, Qarabağ əbədi və əzəli Azərbaycan torpağıdır.  Və heç bir halda da mübahisəli ərazi kimi dəyərləndirilə bilməz. Eyni zamanda Medenski bildiyimiz qədərilə ixtisasça tarixçidir və amma bu bəyanat onun əslində tarixdən məlumatı olmadığından xəbər verir.  Və ya bilərəkdən belə qərəzli yanaşma sərgiləməklə əslində Azərbaycan və Rusiya arasındakı münasibətlərə kölgə salmış olur. Çünki rəsmi şəxsdir, Rusiya prezidentinin köməkçisidir və onun açıqlaması əslində onun şəxsi açıqlaması deyil. Rusiya rəhbərliyinin mövqeyi kimi qəbul edilir və bu da əslində Rusiyanın illər ərzində yürütdüyü imperiya siyasətinin davamı kimi dəyərləndirilə bilər. Məsələyə bucür yanaşılır.

Partiya sədri onu da qeyd edib ki, ümumiyyətlə Ukraynada Rusiyanın həyata keçirdiyi işğalçılıq siyasətini Qarabağda baş verən hadisələrlə qətiyyən uyğunlaşdırmaq olmaz.  Düzdür Qarabağda da uzun müddət ərzində elə Rusiyanın dəstəyi ilə Azərbaycan əraziləri işğal altına düşüb və 30 ilə yaxın müddət ərzində işğal altında qalıb.  Amma Azərbaycan öz gücünə tarixi ədaləti bərpa edib və bundan sonrakı dövrdə də bu məsələyə hansısa formada bucür yanaşma sərgiləmək heçbir siyasi və dövlət rəsmisinə baş ucalığı gətirə bilməz.

Arzuxan Əlizadə onu da diqqətə çatdırıb ki,  Rusiyanın Ukrayna ilə sülh müqaviləsi imzalamaq istəyi də inanılası deyil. Çünki Rusiyanın elə şərtləri var ki, Krım da daxil olmaqla bu gün işğal etdiyi Ukraynanın dörd vilayətinin Rusiya ərazisi olaraq tanınması tələbi heç bir halda Ukrayna tərəfindən qəbul edilməyəcək. Hesab edirəm ki, yalnız bundan sonra atəşkəsə riayət oluna bilər və hansısa sülh müqaviləsi imzalana bilər. Bu kimi mövqe sərgiləmək əslində müharibəni davam etdirmək, sülh müqaviləsi imzalamamaq, barışa gəlməmək nəticə etibarilə Ukrayna ilə danışıqları pozmaq deməkdir ki, bunu da elə əslində Rusiya prezidentinin köməkçisi ifadə edibdir. Bu cür yanaşma və mövqe sərgiləməklə Rusiya öz siyasətini göstərmiş olur ki, bu da heç bir halda qəbul edilə bilməz.

“Qarabağ məsələsinə gəldikdə isə bir daha qeyd edirəm ki, Azərbaycan öz gücünə işğal altında olan əraziləri, rayonları tam olaraq işğaldan azad edib və nəzarətə götürüb, suverenliyi bərpa edib və kimində yenidən bu məsləyə qayıtmaq istəyi heçbir halda qəbul edilə bilməz, sərt mövqeyimizlə cavablandırılacaq”,-deyə Arzuxan Əlizadə əlavə edib”,- deyə partiya rəhbəri əlavə edib.

Ləman Xalıqova Referans  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki