Azərbaycanda 95 mindən çox abort: Cəmiyyət hara sürüklənir? – SOS SİQNAL

Azərbaycanda 2025-ci ildə abortların sayının 95 mini keçməsi cəmiyyətdə ciddi narahatlıq doğuran məsələlərdən biridir. Mütəxəssislər hesab edirlər ki, bu göstərici təkcə səhiyyə sahəsi ilə bağlı deyil, həm də sosial, iqtisadi və demoqrafik proseslərin göstəricisidir.

Mövzu ilə bağlı Referans Media-ya danışan sosioloq Naib Niftəliyev bildirib ki, 2025-ci ildə qeydə alınan abortların sayı demək olar ki, həmin il dünyaya gələn uşaqların sayına bərabərdir.

Onun sözlərinə görə, statistik müqayisə göstərir ki, təxminən hər dünyaya gələn bir uşağa qarşılıq bir abort edilmiş uşaq düşür.

Sosioloq qeyd edib ki, düzgün maarifləndirmə siyasəti həyata keçirilsə və uşaqların böyüdülməsi ilə bağlı sosial dəstək tədbirləri daha da gücləndirilsəydi, dünyaya gələn uşaqların sayı xeyli çox ola bilərdi.

“Bu, həm sosial-demoqrafik siyasət, həm əhalinin artımının təmin edilməsi, həm də nəsillərarası boşluğun aradan qaldırılması baxımından ciddi sosial-iqtisadi irəliləyişə səbəb ola bilərdi. Lakin mövcud vəziyyət əhalinin artım sürətinin zəiflədiyini göstərir”, – deyə o vurğulayıb.

N.Niftəliyevin fikrincə, abortların sayının doğulan uşaqların sayına yaxınlaşması insanların yeni nəsillə bağlı məsuliyyətdən və əlavə qayğılardan çəkinməsinin göstəricisidir.

“Bu həm də ölkənin iqtisadi göstəricilərinin iddia edildiyi qədər yüksək səviyyədə olmadığını ortaya qoyur. Müəyyən inkişaf meyilləri müşahidə olunsa da, bu inkişaf aşağı təbəqələrin həyatında ciddi şəkildə hiss olunmur. İnsanlar gündəlik sosial və iqtisadi qayğılarla üzləşdiklərinə görə ailə qurmaq, yaxud övlad sayını artırmaq planlarını təxirə salırlar”, – deyə sosioloq bildirib.

Onun sözlərinə görə, son illərdə ailə, övlad və valideyn münasibətlərinə baxış da dəyişib.

“İnsanlar daha çox fərdi ehtiyaclarını təmin etməyə, şəxsi inkişaf və rifahlarını ön plana çıxarmağa çalışırlar. Bu da ailə və övladla bağlı prioritetlərin dəyişməsinə səbəb olur. Belə tendensiyalar isə əsasən iqtisadi amillərlə şərtlənir”, – deyə o qeyd edib.

Sosioloq hesab edir ki, mövcud statistika təsadüfi deyil və ciddi sosial-demoqrafik böhranın göstəricisidir.

“Bu vəziyyət gələcəkdə pensiya sisteminin davamlılığı, əmək bazarının formalaşması və sosial təminat mexanizmləri baxımından ciddi problemlər yarada bilər. Əgər əhalinin artım tempi zəifləməyə davam edərsə, yaxın 10-15 il ərzində demoqrafik geriləmə daha qabarıq şəkildə özünü göstərəcək”, – deyə N.Niftəliyev bildirib.

O vurğulayıb ki, doğum səviyyəsinin azalması ailə institutuna, cəmiyyətin sabitliyinə və sosial inkişaf dinamikasına da təsirsiz ötüşmür.

Sosioloqun sözlərinə görə, bəzi Avropa və postsovet ölkələrində də oxşar proseslər müşahidə olunur, lakin həmin ölkələrdə ailə böhranı ilə yanaşı sosial davranış və sosial rifah problemləri də ortaya çıxır.

N.Niftəliyev hesab edir ki, abortların yüksək olması yalnız iqtisadi deyil, həm də mənəvi, mədəni və dəyərlərlə bağlı məsələdir.

“Dünyaya gələcək uşaqların həyatına son qoymaq çıxış yolu deyil. Əsas məqsəd uşağın sağlam şəkildə dünyaya gəlməsi, böyüməsi və inkişafı üçün şərait yaratmaqdır. Bunun üçün dövlət ailələri dəstəkləməli, ailə institutunun gücləndirilməsi və uşaqların rifahının yüksəldilməsi istiqamətində siyasəti daha da genişləndirməlidir”, – deyə o əlavə edib.

Sosioloq sonda qeyd edib ki, problemin həlli üçün cəmiyyət həm sosial, həm iqtisadi, həm də mənəvi baxımdan daha sağlam yanaşma ortaya qoymalı, ailə və demoqrafik inkişafı təşviq edən addımlar gücləndirilməlidir.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki