“Rusiyadakı azərbaycanlılar Putini narahat etməyə başlayıb: bu, başlanğıcdır” – XƏBƏRDARLIQ backend

“Rusiyadakı azərbaycanlılar Putini narahat etməyə başlayıb: bu, başlanğıcdır” – XƏBƏRDARLIQ 

  “Son günlər azərbaycanlılar başda olmaqla bir çox millətlərə qarşı Rusiyanın müxtəlif şəhərlərində meydana gələn fəaliyyətlər əlbəttə ki, Rusiyanın milli siyasətinin ən bariz göstəricisidir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında MİSRA TV-nin baş redaktoru, politoloq Fuad Abbasov deyib.

Politoloq bildirib ki, ötən əsrin 90-cı illərində “skinxet” deyilən qruplaşma – başları daz şəkildə qırxılmış gənclərdən ibarət dəstə – rus olmayan müxtəlif millətlərə qarşı hücumlar təşkil edirdilər:

“Bu hücumlar ölümlə nəticələnirdi, sağ qalanlar şikəst olurdu. Hüquq-mühafizə orqanları buna müdaxilə etmirdi. İndi bu fəaliyyət Rusiyada dövlət səviyyəsində həyata keçirilir. Polisin, OMON-un, Federal Təhlükəsizlik Xidmətinin əli ilə azərbaycanlılara və başqa millətlərə divan tutulur”.

F.Abbasov qeyd edib ki, Prezident Vladimir Putin çıxışlarında Rusiyada milli siyasətə nə qədər önəm verildiyini vurğulayır, Rusiyanın çoxmillətli xalq olduğunu, hətta bəzən özünün tatar, çeçen, inquş və digər millətlərə aidliyini söyləyir:

“Bunların hamısını başa düşmək olar, çünki Rusiya ilə Ukrayna arasındakı müharibədə ruslardan daha çox digər millətlər vuruşur. Onlar üçün bir stimul lazımdır və bunu başda Putin olmaqla dövlət orqanları verməlidir. Amma milli kimliyini dərk edən, onu ailələrində övladlarına aşılayan azərbaycanlılar Putini çox narahat edir. 44 günlük müharibədən sonra Azərbaycan xalqı müsbət mənada dəyişib. Millət qələbə ruhunu yaşadır. Bu, Rusiyada yaşayan azərbaycanlılara da sirayət edib. Əvvəlki əziklik, gözüqıpıqlıq yerini qürura verib. Başını dik tutub gəzən azərbaycanlı Rusiyaya lazım deyil”.

Politoloqun sözlərinə görə, bu səbəbdən də azərbaycanlıları neytallaşdırmaq üçün onları kriminal ünsür kimi göstərirlər:

“Məsələn, çox vaxt azərbaycanlıların kriminalla əlaqəli olduğunu vurğulayırlar, hətta ən son hadisələrdə 20 il öncə həyata keçirilmiş bir cinayətin araşdırılmasını bəhanə edərək 30-dan çox azərbaycanlını həbs ediblər. Bütün bunlar bir bəhanədir və Rusiyada yaşayan azərbaycanlılara və dövlət rəhbərliyinə qarşı yönəlib. Məsələn, Prezident İlham Əliyevin 9 may paradına qatılmaqdan imtina etməsi həm Moskvaya, həm də Putinə çox ağır cavab oldu. Çünki Çeçenistan səmasında vurulan təyyarəyə görə rəsmi Moskva Azərbaycandan üzr istəmədi, günahkarları cəzalandırmadı. Buna görə də haqlı olaraq Azərbaycan Prezidenti Moskvaya getməkdən imtina etdi. İndi belə çıxır ki, bizdən qisas alırlar”.

F.Abbasov deyib ki, Rusiyada yaşayan azərbaycanlılar son hadisə zamanı ayağa qalxmalı idilər:

“Rusiyada yaşayan azərbaycanlılar arasında birlik olsa idi, orada yaşayan, işləyən 3 milyon azərbaycanlı ayağa qalxa bilərdi. Çox təəssüf ki, biz bunu edə bilmədik”.

F.Abbasov Rusiyadakı diasporun fəaliyyəti haqda da danışıb:

“Bugünkü gündə Rusiyadakı diaspora bizim millətin nümayəndələrinə qarşı aparılan qeyri-konstruktiv fəaliyyətlərə yetərli qədər cavab verə bilmir. Əlbəttə ki, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinə nota göndərdi. Bundan sonra öldürülən soydaşlarımızın cənazələrinin Bakıya göndərilməsi təmin edildi. Həbsdəki soydaşlarımızın aqibətinin necə olacağına müəyyən qədər aydınlıq gəldi. Üstəlik Rusiya tərəfindən günahkarların cəzalandırılması tələb olundu. Düzdür, günahkarların cəzalandırılacağını düşünmürəm, amma yenə də dövlət səviyyəsində bir reaksiya verməyimiz, məncə, çox yaxşı oldu. Azərbaycan dövləti soydaşlarını və vətəndaşlarını rus şovinizmindən, terrorundan müdafiə edir.

Rusiyada yaşayan soydaşlarımıza qarşı bu hücumların başlanğıc olduğunu düşünürəm. Oradakı azərbaycanlıların yetərli reaksiyası olmayana qədər bu cür hadisələr davam edə bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki