Rusiyadan Ermənistana CƏZA kimi qadağalar - iki həftə sonra...

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca Rusiyadan Nikol Paşinyan hakimiyyətinə təzyiq və təhdidlər artır. Xəbər verildiyi kimi, atıq bu ölkənin bir sıra məhsullarının (spirtli içkilər, mineral su, gül və s.) Rusiyaya tədarükünə qadağa qoyulub. Bəs Ermənistan bu məhsulları hara, hansı bazarlara yönəldə bilər-Avropa, qonşu Gürcüstan, Türkiyə və ya Azərbaycan kömək edə bilərmi? Ümumiyyətlə, bu təzyiqlər nə dərəcədə nəticə verəcək və seçicilərin mövqeyinə təsir edəcək?

Referans Media  xəbər verir ki ,Deputat Azər Badamov Musavat.com-a bildirib ki, Rusiyanın Ermənistan məhsullarına qarşı tətbiq etdiyi məhdudiyyətləri sadəcə iqtisadi amillərlə bağlamaq düzgün olmazdı.

Deputatın sözlərinə görə, bu həm də siyasi təzyiq vasitəsidir: “Ermənistanda seçkilər yaxınlaşdıqca Paşinyan hökumətinə qarşı təzyiqlər artmağa davam edir və Rusiya bunu daha açıq müstəviyə keçirib. Xüsusilə də spirtli içkilər, mineral su və kənd təsərrüfatı məhsulları üzrə Rusiya bazarından ciddi asılılıq var. Bu, həm də psixoloji təsir vasitəsi deməkdir. Ermənistan üçün alternativ bazarlara gəldikdə isə təbii ki, qısa zaman çərçivəsində Rusiyanı əvəz etmək real görünmür. Avropa bazarları isə daha yüksək standartlar və rəqabət səbəbindən o qədər də asan çıxış imkanı vermir. Gürcüstan tranzit və məhdud satış platforması olaraq mümkün görünə bilər, lakin böyük miqdarda kompensasiya gücü daşımır. Türkiyə ilə sərhədlər tam açıq deyil. Azərbaycanla münasibətlər bəllidir. Bu baxımdan İrəvanın iqtisadi manevr imkanları dardır”.

Deputat hesab edir ki, bütün bu təzyiqlərə baxmayaraq, bunun seçkilərə fundamental təsiri olmayacaq: “Çünki məsələ sadəcə Paşinyan hökuməti ilə bağlı deyil, bütövlükdə Ermənistan cəmiyyətində Rusiyaya qarşı etimadsızlıq var. Cəmiyyət Rusiyanın Qarabağ məsələsindən sonra təhlükəsizlik zəmanətləri verə bilməməsini əsas gətirir ki, bununla da sosial narazılıq yaranır. Paşinyan da müstəqil siyasət yürütdükcə, bunun özü də anti-Rusiya elektoratını daha da həmrəy edir. Moskva iqtisadi “rıçaq”larla Ermənistanın siyasətinə təsir göstərməyə çalışsa da, daha öncəki dövrlərlə müqayisə etsək, bu təsir zəifdir. Daxildə geosiyasi seçim var. Bu isə sadəcə iqtisadi deyil, həm də təhlükəsizlik və suverenlik amili kimi dəyərləndirilir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki