Rus Pravoslav Kilsəsinin tanınmış nümayəndələrindən olan Mitropolit İlarion Alfeyev Çexiyanın Karlovı Varı şəhərində qadağan olunmuş maddələrin saxlanılması ittihamı ilə saxlanılıb.
Referans Media xəbər verir ki, bu barədə məlumat mitropolitin rəsmi "Telegram" kanalında yayılıb.
Bildirilib ki, mayın 24-də Çexiya polisi İlarionun və onu müşayiət edən operatorun olduğu avtomobili saxlayıb. Açıqlamada qeyd olunub ki, hüquq-mühafizə orqanları nəqliyyat vasitəsinin saxlanılması ilə bağlı yol hərəkəti qaydalarının pozulmasına dair konkret əsas göstərməyib və dərhal avtomobildə axtarış aparmağa başlayıb.
Yoxlama zamanı avtomobilin baqaj hissəsində ağ rəngli maddə olan dörd kiçik konteyner aşkarlanıb. Mitropolitin nümayəndələri həmin maddələrin tərkibi və mənşəyinin yalnız ekspertiza nəticəsində müəyyən edilə biləcəyini vurğulayıblar.
“Mənim narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə heç vaxt əlaqəm olmayıb. Bir din xadimi kimi belə iddialar tamamilə yalandır. Hadisənin müstəqil və şəffaf şəkildə araşdırılmasını tələb edirəm”, - deyə mitropolit bildirib.
İlarionun müdafiə tərəfi əlavə edib ki, hadisədən əvvəl Karlovı Varıdakı pravoslav icmasına və mitropolitin özünə qarşı uzun müddətdir təzyiqlər göstərilib. Onun son aylarda anonim şəxslərdən hədələr aldığı, hətta xidmət etdiyi yeri tərk etməsi tələbi ilə fiziki zorakılıq təhdidlərinə məruz qaldığı iddia olunub.
