Rusiyanın ən böyük neft terminalı BAĞLANDI

Novorossiysk Qara dəniz limanında yerləşən “Şesxaris” terminalı PUA hücumundan sonra cümə günü neftin ixrac aşırılmasını dayandırıb.

 Bu barədə “Reuters” agentliyinə sahə üzrə üç mənbə məlumat verib.

Cümə günü günorta saatlarında Novorossiysk administrasiyası PUA hücumu təhlükəsi ilə əlaqədar növbəti hava həyəcanı elan edib.

“Reuters”in mənbələrindən biri bildirib ki, avqustun 14-ü səhər tezdən neft doldurulması planlaşdırılan tanker dron hücumu təhlükəsinə görə geriyə dönərək açıq dənizə çıxıb. Onun sözlərinə görə, bundan sonra anbar parkının tam dolması səbəbindən liman neftin vurulmasını və xammalın terminala qəbulunu müvəqqəti dayandırmağa məcbur olub.

Sutkada təxminən 700 000 barel neft aşırılması gücünə malik olan “Şesxaris” Rusiyanın Qara dənizdəki ən böyük neft ixracı terminalıdır. Novorossiysk vasitəsilə Rusiyanın “Urals”, Qazaxıstanın “KEBCO”, eləcə də “Siberian Light” markalı yüngül nefti nəql olunur.

İxrac statistikasına bələd olan mənbələrdən birinin bildirdiyinə görə, iyun ayında Novorossiysk vasitəsilə neft göndərişi rekorda yaxın səviyyədə - sutkada təxminən 1 milyon barel (aylıq 4,3 milyon tondan çox) təşkil edib. İyulda isə bu göstərici sutkada təxminən 800 000 barelə (təxminən 3,4 milyon ton) düşüb. İyul ayında PUA hücumları Novorossiysk yaxınlığında yerləşən və “CPC Blend” neftinin ixrac edildiyi Xəzər Boru Kəməri Konsorsiumunun (XBK) terminalının işində də axsamalara səbəb olmuşdu./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki