Şagirdə niyə məktəbə qəbul edilmir? – Naxçıvan MR Təhsil Nazirliyi açıqladı

  Bəzi sosial şəbəkə ünvanlarında və saytlarda Naxçıvanda şagirdin Naxçıvan Muxtar Respublikası təhsil nazirini məhkəməyə verməsi ilə bağlı məlumatlar yayılıb.

Bildiririk ki, saytda adı çəkilən 2006-cı il təvəllüdlü Tağıyeva Sədaqət İntiqam qızı ümumiyyətlə I-VIII siniflər üzrə Naxçıvan Muxtar Respublikasında, həmçinin ölkənin digər ümumtəhsil məktəblərində təhsil almamış, Türkiyənin İstanbul şəhərində qeyri- leqal fəaliyyət göstərən, dövlət qeydiyyatı olmayan və maliyyə mənbəyi məlum olmayan “Hüseyn Cavid məktəbi” adlandırılan dərnəkdə oxumuşdur. Sədaqət Tağıyeva ilə Təhsil Nazirliyində görüş zamanı o bildirmişdir ki, ötən tədris ilində Bakı şəhəri Suraxanı rayonu 89 saylı tam orta məktəbdə ümumi orta təhsilini başa vuraraq attestat almışdır.

Qeyd edək ki, ötən tədris ilində 2010-cu il təvəllüdlü şagirdlər ümumi orta təhsil üzrə attestat almaq hüququna malikdir. O 2006-cı il təvəllüdlü olduğundan eksternat qaydada imtahan verərək ümumi orta təhsil haqqında attestat ala bilərdi. Hazırda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən həmin attestatın qanuniliyi araşdırılır və bununla bağlı dövlət agentliyinə sorğu ünvanlanmışdır.

2010-cu təvəllüdlü şagirdlərin ümumtəhsil məktəblərinin X, 2009-cu il təvəllüdlü şagirdlərin isə XI siniflərində təhsil aldığını nəzərə alsaq 2006-cı il təvəllüdlü Sədaqət Tağıyevanın həmin şagirdlərlə birlikdə təhsilini davam etdirməsi qanunauyğun olaraq mümkün deyil.

Bunun üçün də qəbulda qanunvericiliyin tələbləri Sədaqət Tağıyevanın diqqətinə çatdırılmış, onun qanunvericiliyə uyğun olaraq Şərur Rayonunun ümumtəhsil məktəblərində təhsil ala bilməyəcəyi izah olunmuşdur. Bildirlmişdir ki, Sədaqət Tağıyeva icbari ümumi orta təhsili (IX sinifi) bitirdikdən sonra attestat aldığı Bakı şəhərinin Suraxanı rayonundakı 89 saylı tam orta məktəbin X sinfində davam etdirsəydi, qanunauyğun olaraq Naxçıvan Muxtar Respublikasında hər hansı təhsil müəssisəsinə X sinif şagirdi olaraq yerdəyişmə edə bilərdi. Bundan əlavə Sədaqət Tağıyevaya izah olunmuşdur ki, təhsil aldığı Bakı şəhərinin Suraxanı rayonundakı 89 saylı tam orta məktəbə müraciət edərək eksternat qaydada imtahan verməklə tam orta təhsili bitirmək barədə dövlət nümunəli sənədi ala bilər.

Bildiririk ki, Türkiyənin İstanbul şəhərində qeyri- leqal fəaliyyət göstərən və dövlət qeydiyyatı olmayan “Hüseyn Cavid məktəbi” adlanan dərnəyin özünü rəhbəri adlandırdığı Şərqiyyə Məmmədova tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə dərnəkdə oxuduğu bildirilən bir neçə uşağın Naxçıvanın ümumtəhsil məktəblərinin XI siniflərinə daxil olaraq attestatla təmin olunması, eyni zamanda müxtəlif siniflərə qəbulla bağlı dəfələrlə hədələyici üslubda qanunsuz tələblər irəli sürülmüşdür.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən bütün müraciətlərə qanunauyğun və operativ baxılması diqqətdə saxlanılır. Aşkarlanmış qanunsuzluqlar və qeyri-qanuni fəaliyətlər barədə aidiyyəti üzrə hüquq-muhafizə orqanları məlumatlandırılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki