Braziliyanın Minas Gerais ştatında yağan leysan xarakterli yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində azı 23 nəfər həyatını itirib, 47 nəfər isə itkin düşüb.
Referans Media xəbər verir ki, təbii fəlakətlə əlaqədar bölgədə 3 günlük rəsmi matəm elan olunub.
Ştat rəhbəri Romeu Zema bildirib ki, ölənlərdən 16 nəfəri Juiz de Fora, 7 nəfəri isə Uba şəhərlərinin sakinləridir. Onun sözlərinə görə, itkin düşənlərin tapılması üçün axtarış-xilasetmə işləri fasiləsiz davam etdirilir.
Yanğınsöndürmə xidmətinin açıqlamasında qeyd olunub ki, ölüm hallarının əksəriyyəti torpaq sürüşməsi və binaların uçması nəticəsində baş verib.
Daşan çaylar səbəbindən xüsusilə Juiz de Fora şəhərində ən azı 440 nəfər evsiz qalıb. Rəsmi qurumlar ölənlərin sayının arta biləcəyini istisna etmirlər. Bildirilir ki, fevral ayında bölgəyə normadan iki dəfə artıq yağıntı düşüb.
Luiz İnasio Lula da Silva isə açıqlamasında hökumətin bütün imkanları ilə səfərbər olunduğunu vurğulayaraq, həlak olanların ailələrinə başsağlığı verib.
Hazırda bölgədə hava şəraiti nəzarətdə saxlanılır və xilasetmə əməliyyatları davam edir.























