SENSASİYA: Yerin 3 kilometr dərinliyində inanılmaz kəşf

Kanadanın Ontario əyalətinin şimalında, yerin təxminən üç kilometr dərinliyində geoloqlar iki milyard il ərzində dağ süxurlarında izolyasiya olunmuş vəziyyətdə qalan su aşkar ediblər.

Referans Media  xəbər verir ki, bu barədə “Space Daily” nəşri məlumat yayıb.

"Bu su heyvanlardan, bitkilərdən və insanların həyat haqqında düşündüyü demək olar ki, hər şeydən daha qədimdir. Həmin su sonuncu dəfə yer səthi ilə təmasda olanda Yer kürəsində yeganə həyat forması yalnız mikroorqanizmlər olub. Tədqiqata rəhbərlik edən Toronto Universitetinin professoru Barbara Şervud Lollar bu suyun dadına baxıb. O, bunu bilərəkdən və müəyyən bir məqsədlə edib. İlk növbədə, bu suyun nə olduğunu anlamaq üçün", – deyə məlumatda qeyd olunur.

Sözügedən su Kanadanın Timmins şəhəri yaxınlığında yerləşən və "Glencore" şirkəti tərəfindən istifadə olunan "Kidd Krik" (Kidd Creek) mədənində tapılıb. Bu mədən uzun müddətdir ki, dünyanın ən dərin əlvan metallar hasil edilən şaxtası kimi tanınır. Burada mis, sink və gümüş çıxarılır.

Nəşrdə izah olunur ki, mədənin əlçatan olan ən aşağı nöqtəsi təxminən üç kilometr dərinlikdə yerləşir və bura quruda hər hansı bir insanın bu qədər dərinlikdəki dağ süxurlarına birbaşa daxil ola biləcəyi nadir yerlərdən biridir.

Şervud Lollar bu əraziyə ilk dəfə 1992-ci ildə səfər edib, lakin rekord göstəriciyə malik nümunələr xeyli sonra əldə olunub. 2013-cü ildə onun komandası təxminən 2,4 km dərinlikdə, orada qalma müddəti ən azı 1,5 milyard il olan çat sularını təsvir edib.

Həmçinin, tapılan təsirsiz qazlar təxminən 2,64 milyard il əvvəl baş vermiş minerallaşma ilə bağlı bir sistemin mövcudluğuna işarə edib.

2016-cı ildə isə alimlər daha da dərinliyə – təxminən üç kilometrə enərək yaşı təxminən iki milyard il olan su aşkar ediblər. Onlar bu barədə elə həmin ilin dekabrında Amerika Geofizika Birliyinin iclasında məlumat veriblər.

Süxurların və suyun dadına baxmaq geoloqların səhra tədqiqatlarının adi, lakin çox da cəlbedici olmayan bir hissəsidir. Şorluq dərəcəsi bir geoloqun maye barədə təyin edə biləcəyi ən sürətli göstəricilərdən biridir Şervud Lollar xüsusilə vurğulayıb ki, o, bu suların şorluğunu qiymətləndirmək üçün dadına baxır, çünki su nə qədər qədimdirsə, bir o qədər duzlu olur.

Məlum olub ki, tapılan bu su həddindən artıq duzludur. Tədqiqatçının sözlərinə görə, bu su dəniz suyundan təxminən on dəfə daha şor, qatı və acıdır, həmçinin kükürd qoxusuna malikdir. Tərkibindəki həll olunmuş dəmir oksigenlə reaksiyaya girdiyi üçün su hava ilə təmasda olduqda bir qədər narıncı rəng alır.

"Suyun təkcə yaşı belə kifayət qədər ciddi bir tapıntıdır, lakin daha vacib məqam bu suyun tərkibindəkilərdir. Mayenin kimyəvi tərkibi, xüsusən də dərin dəniz hidrotermal mənbələrində baş verən reaksiyalara bənzər şəkildə yaranan sulfatlar bioloji fəallığa işarə edir. Su həmçinin həll olunmuş hidrogeni də ehtiva edir. "Kidd Krik" sahəsində aparılan sonrakı araşdırmalar orada qaranlıqda və günəş işığından tam təcrid olunmuş vəziyyətdə, süxurlarda baş verən bu cür kimyəvi proseslər hesabına yaşaya bilən sulfatreduksiyaedici mikroorqanizmləri üzə çıxarıb", – deyə yazıda bildirilir./Musavat.com

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki