İrandan Naxçıvan istiqamətinə dronların yönləndirildiyi iddiaları regionda ciddi suallar yaradıb. Bu hadisə təsadüfdür, yoxsa Azərbaycana qarşı təxribat? Məsələnin arxasında hansı qüvvələr dayanır və bu addım iki ölkə arasında gərginliyi artıra bilərmi?
Referans Media-ya danışan politoloq Elşad Hüseynov bildirib ki, martın 5-də İrandan Azərbaycan istiqamətində, Naxçıvana doğru dörd dron yönləndirilib. Onun sözlərinə görə, dronlardan biri Azərbaycan ordusu tərəfindən vurulub.
Politoloq qeyd edib ki, dronlardan biri Naxçıvan hava limanı ərazisinə düşüb, digəri isə kənddə məktəbin yaxınlığına düşüb və nəticədə üç-dörd nəfər xəsarət alıb.
Ekspert bildirib ki, hadisədən sonra Azərbaycan Prezidenti Təhlükəsizlik Şurasının iclasını çağırıb və mövqeyini açıqlayıb. Prezident vurğulayıb ki, Azərbaycan öz ərazisindən İrana və ya digər ölkələrə qarşı hər hansı əməliyyatların həyata keçirilməsinə icazə vermir və bundan sonra da verməyəcək.
Politoloqun sözlərinə görə, İranın siyasi rəhbərliyinin məhv edilməsindən sonra Azərbaycan Prezidenti başsağlığı verib, həmçinin Bakıda yerləşən İran səfirliyinə gedərək başsağlığını şəxsən ifadə edib və səfirliyin başsağlığı kitabına fikirlərini yazıb.
“Elə ölkə başçıları var ki, bu hadisələrdən sonra öz ölkələrində yerləşən İran səfirliklərinə gedərək başsağlığı verməyiblər. Azərbaycan isə yüksək siyasi və mədəni davranış nümayiş etdirərək qonşu İran xalqına başsağlığını çatdırdı. Buna baxmayaraq, dünən səhər İranın müəyyən qüvvələri, hesab edirəm ki, SEPAH tərəfindən, Azərbaycana belə bir zərbə endirilib. Bu isə beynəlxalq hüquq normalarına ziddir”, – deyə o bildirib.
Politoloq əlavə edib ki, Azərbaycan münaqişə tərəfi olmaq istəmir və neytral mövqe tutur:
“Azərbaycan müharibə seçmək istəyən qüvvələrin arzusunun həyata keçməsinə imkan verməyəcək. Azərbaycan öz ərazi bütövlüyünü qorumağa qadir olan güclü Cənubi Qafqaz ölkəsidir. Biz İrandan müharibə istəmirik və İranla müharibəni də pisləyirik. Üstəlik, İranda 30 milyondan artıq soydaşımız yaşayır”.
Onun sözlərinə görə, buna baxmayaraq, Azərbaycan Prezidenti Müdafiə Nazirliyinə və sərhəd qoşunlarına müvafiq göstərişlər verib və ordu döyüş hazırlığı vəziyyətinə gətirilib.
“Azərbaycan ordusu hər an adekvat cavab verməyə hazırdır. Lakin hazırda biz bütün diplomatik vasitələrdən istifadə edirik. İran tərəfi Xarici İşlər Nazirliyi ilə danışıq zamanı hadisə ilə bağlı araşdırma aparılacağını bildirir”, – deyə politoloq qeyd edib.
Ekspert hesab edir ki, bu hadisə iki ölkə arasında həm siyasi, həm də hərbi gərginliyin artmasına səbəb ola bilər. O xatırladıb ki, bir müddət əvvəl İran tərəfdən Azərbaycanın səfirliyinə qarşı terror aktı törədilmişdi və həmin vaxt Azərbaycan diplomatik əlaqələri dayandırmışdı.
“Sonradan həmin terror aktını törədən şəxs edam edildi və İran tərəfi Azərbaycanla münasibətləri bərpa etmək üçün danışıqlar apardı. Azərbaycanın səfirliyinin təhlükəsizliyinə tam təminat verildikdən sonra səfirlik yenidən fəaliyyətini bərpa etdi”, – deyə o vurğulayıb.
Politoloqun fikrincə, Azərbaycan müharibənin genişlənməsini istəmir və daim neytral mövqe tutub:
“Azərbaycan öz ərazisindən heç bir ikinci dövlətin istifadə etməsinə icazə verməyib. Biz müharibənin bitməsini istəyirik və insanların ölümündən təəssüflənirik. Hesab edirəm ki, İran tərəfindən edilən bu təxribat hadisəsi nəticə etibarilə İranın özünə həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan ciddi ziyan vuracaq”.
Gülnaz Abdullazadə
