Şimali Koreya daha Cənubi Koreya ilə birləşmək istəmir

Şimali Koreya konstitusiyasına dəyişiklik edərək ərazisini Cənubi Koreya ilə sərhəd kimi müəyyən edib və birləşməyə dair istinadları mətndən çıxarıb.

Referans Media xarici mediaya istinadla xəbər verir ki, bu qərar Şimali Koreya lideri Kim Çen Inın iki Koreyanı ayrı dövlətlər kimi görmək istəyini möhkəmləndirir.

Seul universitetinin professoru Li Çen Çolun sözlərinə görə, konstitusiya dəyişiklikləri çox güman ki, mart ayında KXDR Ali Xalq Məclisinin iclasında edilib. O qeyd edib ki, Şimali Koreyanın konstitusiyasına ərazi bəndi əlavə edilməsi ilk dəfədir.

Konstitusiyanın yeni 2-ci maddəsinə əsasən, KXDR ərazisinə "şimalda Çin Xalq Respublikası və Rusiya Federasiyası, cənubda isə Koreya Respublikası ilə həmsərhəd olan" torpaqlar, eləcə də müvafiq ərazi suları və hava məkanı daxildir.

“Röyters” agentliyinin məlumatına görə, məqalədə həmçinin Pxenyanın öz ərazisinə "heç vaxt heç bir müdaxiləyə dözməyəcəyi" bildirilir, lakin Cənubi Koreya ilə sərhədin yeri göstərilmir və Sarı dənizdəki “Şimal limit xətti” də daxil olmaqla mübahisəli dəniz ərazilərindən bəhs edilmir.

Yeni versiyada həmçinin Kim Çen In KXDR Dövlət İşləri Komissiyasının sədri təyin olunur. Əvvəlki versiyada o, dövləti təmsil edən “Ali lider” adlandırılırdı. Bundan əlavə, konstitusiyada KXDR "məsuliyyətli nüvə gücü" kimi təsvir edilir və Dövlət İşləri Komissiyasının sədri ölkənin nüvə qüvvələrinin komandanı təyin edilir.

“The Korea Herald” qəzetinin məlumatına görə, yenidən birləşmə və etnik millətçiliklə əlaqəli terminlər də konstitusiyanın preambulasından və əsas mətnindən çıxarılıb, o cümlədən "şimal yarısı", "vətənin yenidən birləşməsi", "dinc birləşmə" və "böyük milli birlik" ifadələri də konstitusiyanın yeni redaksiyasında yer almayıb. Ri Çen Çolun sözlərinə görə, bu dəyişikliklər Kim Çen İnin 2023-cü ilin sonlarında elan etdiyi "iki düşmən dövlət" doktrinasını təsbit edir.

Qəzetin məlumatına görə, dövlətin qurucusu Kim İr Senin və onun varisi Kim Çen İrin nailiyyətlərinə istinadlar da konstitusiyadan çıxarılıb

KXDR ilk konstitusiyasını 1948-ci ilin sentyabrında qəbul edib. 1972-ci ildə Pxenyan yeni, sosialist konstitusiya qəbul edib. Qəzet qeyd edir ki, mart ayında qəbul edilən yeni versiyanın başlığında "sosialist" sözü yoxdur./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki