Azərbaycanda bəzi sürücülərin yolda narazılıqlarını bildirmək, qarşıdakı avtomobili tələsdirmək və ya hərəkətinə müdaxilə etmək məqsədilə davamlı səs siqnalı verməsi və işıq siqnallarından istifadə etməsi müşahidə olunur. Bu cür davranışlar yol hərəkətinin təhlükəsizliyinə necə təsir göstərir? Sürücülər arasında konfliktlərə və qəza risklərinə səbəb ola biləcək bu hərəkətlər qanunvericilik baxımından necə qiymətləndirilir və hansı məsuliyyət tədbirləri nəzərdə tutulur?
Referans Media-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, işıq siqnallarından istifadə etmək, onların təyinatını pozmaq və qarşıda hərəkət edən nəqliyyat vasitəsinin sürücüsünü çaşdırmaq nəqliyyat axınının idarə edilməsinə ciddi təsir göstərir.
Onun sözlərinə görə, bu gün nəqliyyatda əsas problemlərdən biri hərəkət axınının pozulması və nəqliyyat vasitələrinin idarə edilməsinə mənfi təsirlərin artmasıdır. Bu istiqamətdə atılan bütün addımların nəticələri nəzərə alınmalıdır.
Ekspert qeyd edib ki, məsələn, qarşıda tıxac varsa, sürücü hərəkət etməlidirsə, onun çıxış yolu nədir? Bu kimi amilləri nəzərə alsaq, nəqliyyat axınının idarə edilməsində əsas məsələnin hərəkətin səmərəliliyinin və təhlükəsizliyinin qorunması olduğunu görərik.
Aslan Əsədov vurğulayıb ki, bu cür davranışlar nəqliyyatın hərəkətinə mənfi təsir göstərə və sonrakı mərhələlərdə ciddi problemlər yarada bilər.
O bildirib ki, bu məsələyə gəldikdə, həmin hərəkətlər qayda pozuntusu ilə yanaşı, qaydaların və digər sürücülərin hüquqlarının pozulması kimi də qiymətləndirilə bilər. Buna görə də belə halları mütləq nəzərə almaq lazımdır.
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Referans Media-nın sorğusunu cavablandırıb.
Gülnaz Abdullazadə
