Bu günlərdə mətbuatda yayılan məlumatlara əsasən Azərbaycanda ilk dəfə olaraq ödənişli atalıq məzuniyyətini nəzərdə tutan qanun layihəsi hazırlanır. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Nyu-York şəhərində keçirilən Qadınlara dair Dördüncü Dünya Konfransının 30 illiyinə həsr olunmuş Yüksək Səviyyəli İclasda çıxışı zamanı məlumat verib.
Komitə sədri Bahar Muradova bildirib ki, ölkədə qadın əməyinin qadağan olunduğu sahələrin sayı minimuma endirilib, məişət zorakılığı, uşaq evlilikləri və qohum nikahları ilə bağlı qanunvericilik bazası təkmilləşdirilib, nikah yaşına dair istisnalar isə ləğv edilib.
Mövzu ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Aynurəxanım Ağalarova Referans-a açıqlamasında bildirib ki, hazırlanan layihəyə əsasən, uşağın doğulması ilə bağlı atalara da ödənişli məzuniyyət hüququ veriləcək. Layihə hələlik razılaşdırma mərhələsindədir. Ataların da ödənişli məzuniyyətdən faydalanması imkanının qanuniləşdirilməsi əvvəlcə Azərbaycan Respublikasının Milli Məclisində müzakirəyə çıxarılacaq. Məhz beləliklə də bundan sonra bu barədə qanunun təsdiqlənəcəyi gözlənilir.
Vəkil eyni zamanda daha bir diqqətçəkən məqama toxunub. Belə ki vəkil vurğulayıb ki, Azərbaycanda bu məsələ ilə əlaqədar olaraq bundan əvvəl də əmək məcəlləsində ödənişsiz atalıq məzuniyyəti nəzərdə tutulmuşdu.
Hüquqşünas Aynurxanım Ağalarova hesab edir ki, bu addım Azərbaycanda ailə institutunun möhkəmlənməsinə paralel olaraq da valideyn məsuliyyətinin bölüşdürülməsinə xidmət edəcək. Həmçinin ödənişli atalıq məzuniyyətinin tətbiqi cəmiyyətdə gender bərabərliyinin gücləndirilməsinə mühüm töhfə verəcək.
Bünyamin Bünyadzadə
Referans
