İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə danışığında bildirib ki, İsrail ordusu Livandakı mövqelərini tərk etməyəcək və “Hizbullah”a qarşı əməliyyatları davam etdirəcək.
Referans Media xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Belə ki, Netanyahu Vaşinqton və Tehran arasında mümkün razılaşma əldə olunacağı təqdirdə belə, İsrailin öz təhlükəsizlik siyasətini dəyişməyəcəyini vurğulayıb.
Məlumata əsasən, İsrail hökumətinin başçısı Trampa bildirib ki, ölkəsi İranla bağlı mümkün sazişdə yer alan Livanla əlaqəli müddəaları özü üçün məcburi hesab etmir.
“Netanyahu açıq şəkildə bildirib ki, İsrail Müdafiə Qüvvələri hazırda nəzarətdə saxladığı Livan ərazilərində qalacaq və Hizbullah tərəfindən yarana biləcək təhlükələrin qarşısını almaq üçün fəaliyyətini davam etdirəcək”, – deyə İsrail mediası yazır.
Beləliklə, İsrail rəhbərliyi ABŞ-İran danışıqlarının nəticəsindən asılı olmayaraq Livanın cənubunda hərbi mövcudluğunu qorumaqda israrlı olduğunu nümayiş etdirir.
Qeyd edək ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir də bənzər açıqlama verərək, ABŞ-ın İranla razılaşmasının ölkəsi üçün məcburi olmadığını bildirmişdi.
Xatırladaq ki, daha əvvəl Amerika Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ və İran arasında sazişin şərtlərindən məmnun olduğunu qeyd etmişdi./bizim.media
