image-usaq-qripbackend

Sürətlə yayılan xəstəlik qripdir, yoxsa COVID-19?

Azərbaycanda son günlərdə qeydə alınan xəstəlik halları cəmiyyətdə təşviş yaradıb. Əlamətlərin COVID-19-a bənzəməsi xəstəliyin mənşəyi ilə bağlı sualları artırıb: bu, koronavirusdur, yeni virusdur, yoxsa mövsümi qrip?

İnfeksion Xəstəliklər üzrə mütəxəssis Dr. Vasif Əliyev Referans MEDİA-ya açıqlamasında deyib ki, demək olar bütün virus mənşəli xəstəliklərin əlamətləri oxşardır. Onun sözlərinə görə, istər COVID-19, istərsə də qrip zamanı boğaz ağrısı, hərarət, halsızlıq, öskürək, bəlğəm, həmçinin qarın ağrısı müşahidə oluna bilər.

Mütəxəssisin sözlərinə görə, bu əlamətlərin bir çox viruslarda rast gəlinməsi yayılan xəstəliyin konkret olaraq hansı virus olduğunu yalnız simptomlara əsasən müəyyənləşdirməyə imkan vermir. Hazırda müşahidə olunan vəziyyətin mövsümi qrip kimi qiymətləndirilməsi də düzgün sayılmır.

Dr. Vasif Əliyev tövsiyə edir ki, xəstə şəxslər ev şəraitində izolyasiya olunsun və başqalarına yoluxdurmamaq üçün həkim nəzarəti altında qalsınlar. Zərurət yarandığı halda çölə çıxarkən maskadan istifadə edilməli və sosial məsafəyə riayət olunmalıdır.

Həkim eyni zamanda insanların sağlam qidalanmasının və mövsümə uyğun geyinməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, hər il oktyabr ayından başlayaraq qış mövsümü ərzində qripə qarşı peyvənd olunmaq tövsiyə edilir. Xüsusilə xroniki xəstəlikləri olan şəxslər və hamilə qadınlar bu məsələyə daha ciddi yanaşmalıdırlar.

Mütəxəssis bildirib ki, xəstəlik bütün yaş qrupları üçün risk yarada bilər, lakin əsasən 5 yaşadək uşaqlar və 60 yaşdan yuxarı şəxslər üçün daha təhlükəlidir.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki