Bu günlərdə mətbuatda yayımlanan məlumata görə, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında strateji işçi qrupu yaradılacaq. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev də mediada ümumi məlumat verib.
Ümumiyyətlə bu strateji işçi qrupunun yaradılması ilə bağlı təklif ilk olaraq hansı ölkədən gəlib? Beləliklə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan hansı sahələrdə əməkdaşlıq edəcəklər?
Mövzu ilə bağlı Millət vəkili Vüqar Bayramov Referans-a açıqlamasında bildirib ki, strateji işçi qrupunun yaradılması, təbii ki, iki ölkə arasında əməkdaşlığın daha da güclənməsinə və xüsusən də ticarət əlaqələrinin genişlənməsinə gətirib çıxaracaq. Nəzərə alsaq ki, Azərbaycanla ABŞ arasında illik ticarət dövriyyəsi 1,8 milyard dollardır, əsas məqsədlərdən biri Azərbaycanın qeyri-neft məhsullarının ABŞ bazarına çıxarılmasıdır. Bu istiqamətdə həm strateji tərəfdaşlıq, həm də strateji işçi qrupunun yaradılması və fəaliyyətə başlaması praktik olaraq Azərbaycan üçün iqtisadi baxımdan yeni imkanlar yaradacaq.
Millət vəkili onu da deyib ki, digər tərəfdən bu addım regionda sülhün dəstəklənməsi və davamlı sülhün əldə edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan regionda sülh və əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Eyni zamanda, Azərbaycanın ərazisindən Ermənistana tranzit daşımalarla bağlı məhdudiyyətlərin aradan qaldırılması da göstərir ki, ölkəmiz əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır və bu istiqamətdə real addımlar atır.
Deputat həmçinin vurğulayıb ki, sözügedən Strateji işçi qrupunun yaradılması həmçinin ABŞ-ın sülh gündəliyində mühüm yer tutur. ABŞ sülh sazişinin əldə edilməsində vasitəçilik rolunu oynayıb və bu baxımdan sözügedən təşəbbüs Azərbaycan–Ermənistan arasındakı normallaşma prosesinə, eləcə də növbəti mərhələdə iqtisadi əlaqələrin və kommunikasiyaların yenidən bərpasına təkan verə bilər.
“Nəticə etibarilə, bu proses regionda sabitliyə, eyni zamanda Azərbaycanın geosiyasi mövqeyinin daha da güclənməsinə xidmət edəcək”, – deyə ekspert qeyd edib.
Bünyamin Bünyadzadə
Referans.az
