Məktəblərdə qadağa edildi, bəs məktəbdən kənarda nə olacaq? Azyaşlıların sosial şəbəkə asılılığı ilə bağlı narahatlıqlar artdığı bir vaxtda təhsil müəssisələrinin internet şəbəkəsində “TikTok” və digər zərərli məzmun platformalarına giriş məhdudlaşdırılıb. Lakin statistika göstərir ki, uşaqların böyük hissəsi sosial şəbəkələrdən məhz evdə və gecə saatlarında istifadə edir. Bu isə sual yaradır: məktəbdaxili qadağalar problemin həlli üçün kifayət edəcəkmi, yoxsa sosial şəbəkələrdən istifadəyə daha geniş məhdudiyyətlərin tətbiqi gündəmə gələ bilər?
Mövzu ilə bağlı Referans Media-ya danışan deputat Elşad Musayev bildirib ki, məktəblərin internet şəbəkəsində müəyyən platformaların bloklanması müsbət addım olsa da, bu, problemi tam həll etmir:
“Bu bloklama məktəblərin internet sistemi üzərindən həyata keçirilir. Amma şagirdin öz mobil interneti varsa, o, yenə də TikTok və digər platformalardan istifadə edə bilir. Bu, çox ciddi problemdir. Azyaşlıların və yeniyetmələrin sosial şəbəkələrdən asılı vəziyyətə düşməsi artıq narahatedici həddə çatıb”.
Deputatın sözlərinə görə, rəqəmsal asılılıq uşaqların psixoloji vəziyyətinə də mənfi təsir göstərir:
“Bu gün hətta azyaşlı uşaqların yemək yeməsi üçün belə valideynlər onlara telefon verir. Həyətdə, məktəbdə uşaqların böyük əksəriyyətində psixoloji gərginlik hiss olunur. Normal danışmaq əvəzinə qışqıraraq danışırlar, daim emosional gərginlik içində olurlar. Bu, ciddi problemdir”.
Elşad Musayev hesab edir ki, məsuliyyət yalnız məktəblərin üzərində deyil, valideynlərin də bu prosesdə mühüm rolu var:
“Məncə, bu məsələdə bir qədər boşluq buraxmışıq. Demək olar ki, hər uşağın əlində telefon var. Təhsil sistemindəki müəyyən problemlər səbəbindən uşaqlar repetitor yanına getməyə məcbur olur, internet və telefon istifadəsi də bununla daha da artır. Bütün bunlar real amillərdir”.
Deputat qeyd edib ki, problemin həlli üçün qanunvericilik səviyyəsində də addımlar atılmalıdır:
“Hesab edirəm ki, bu sahədə müəyyən məhdudiyyətlər tətbiq edilməlidir. Bəzən bunu söz və ya ifadə azadlığına qarşı addım kimi təqdim edirlər. Amma söhbət azadlığa qarşı çıxmaqdan yox, özbaşınalığın qarşısını almaqdan gedir. Sosial şəbəkələrdə insanlar bir-birini təhqir edir, hədələyir və bunun qarşısını almaq lazımdır”.
Deputat bəzi ölkələrin təcrübəsinə də diqqət çəkib:
“Türkiyədə sosial şəbəkə platformalarının rəsmi nümayəndələri fəaliyyət göstərir və vətəndaşların şikayətləri ilə bağlı mexanizmlər mövcuddur. Mən daha əvvəl də təklif etmişdim ki, sosial şəbəkələrdə qeydiyyat şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilsin. Şəxsiyyətini gizlədən insanlar anonim hesablarla müxtəlif problemlər yaradırlar. Bu problem həm böyüklərə, həm də uşaqlara aiddir”.
Elşad Musayev vurğulayıb ki, məktəblərdə tətbiq olunan məhdudiyyətlərlə yanaşı, qanunvericilik səviyyəsində də əlavə tədbirlərin görülməsi zəruridir. “Mütləq şəkildə bu sahədə müəyyən hüquqi tənzimləmələr və məhdudiyyətlər tətbiq olunmalıdır”, – deyə deputat əlavə edib.
Gülnaz Abdullazadə
