Məlum olduğu kimi iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 5 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Azərbaycanın Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb. Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.
Yekaterinburqda o cümlədən Rusiyanın digər bölgələrində soydaşlarımıza qarşı zorakılıqların olduğu da bildirilir. Ümumiyyətlə azərbaycanlılara qarşı belə amansız rəftar və cinayətlərin səbəbi nədir? Rusiya ilə Azərbaycan arasında ciddi qarşıdurma ola bilərmi? Rusiyanın bu addımları nəyə hesablanıb?
Mövzu ilə bağlı Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu Referans-a açıqlamasında bildirib ki, Rusiyada azərbaycanlılara qarşı törədilmiş bu hadisə konkret olaraq cinayətdir və heç şübhəsiz ki, bu cinayətin sifarişçisi də KQB cəlladı Vladimir Putinin şəxsən özüdür! Niyə məhz KQB cəlladı olaraq adlandırıram deyə sual oluna bilər. Ona görə ki, daşıdığı ali vəzifənin mahiyyətini anlayan heç bir prezident belə cinayətə imza atmazdı ki Putin atdı… Heç şübhəsiz ki, Rusiyada azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər millətlərin nümayəndələrinə qarşı həyata keçirilən cinayəti eyni zamanda şovinist, diskriminasiya və islamofob siyasətinin illərdir davam edən məntiqi nəticəsi kimi də görmək olar. Rusiya əsrlərlə digər xalqlara qarşı bu tip iyrənc siyasət yürüdüb və bu gün Putinin siyasəti də heç şübhəsiz ki, formalaşmış ənənənin davamıdır, daha sərt və daha amansız formada… SSRİ dağıldıqdan sonra çeçen xalqına qarşı etnik təmizləmə siyasəti həyata keçirən Rusiya eyni siyasəti digər xalqlara qarşı da reallaşdırmaq istəyir.

Partiya sədri deyib ki, bütün bu olanların isə bir adı var: DÖVLƏT TERRORU! Əlbətdə ki, əgər bu gün Rusiya ona qardaş olan, dili, dini eyni olan, eyni soydan gələn slavyan köklü Ukrayna xalqına qarşı belə qəddar siyasət yürüdürsə, Ukraynanın şəhər və kəndlərini yer üzündən silirsə, Buçadakı kimi soyqırımı həyata keçirirsə, yaşayış məntəqələrini ən son dağıdıcı silahlarıa vurursa, qısa desək, özündən olan qanı bir qardaşlarına qarşı soyqırım siyasəti həyata keçirirsə, digər xalqlara qarşı daha qəddar və acımasız davranışı bizlərdə təəccüb doğurmamalıdır. Qarşımızda qana susamış, öz məğlubiyyətinin qisasını digər xalqlardan almağa çalışan xəstə təxəyyüllü Putin dayanıb.
Ağasif Şakiroğlu bildirib ki, cinayətləri, terror aktlarını öz vətəndaşlarına da qarşı törətmiş birindən nəsə gözləməyə də dəyməz. Məgər öz vətəndaşı olan və Rusiyanın kifayət qədər nüfuzlu şəxslərinə qarşı azmı terror həyata keçirilib?! – Həbsxanada ölmüş müxalifət lideri Alexey Navalnı; – Rusiyanın Dnestryanı Müxalifət Qüvvələr Birliyinin lideri Oleq Xorjan; – Rusiyada dissident jurnalist Anna Politkovskaya; – Hüquq müdafiəçisi Stanislav Markelov; – Rusiyalı oliqarx Boris Berezovski; – “Lukoyl”un prezidenti Ravil Maqanov; – Rusiya baş nazirinin sabiq 1-ci müavini, müxalifət liderlərindən olan Boris Nemtsov və sair bütün bunlara bariz nümunədir… Belə bir “prezident”dən dünya ədalətmi gözləsin?! Görünən budur ki, o, özünü dünyaya prezidentdən daha çox killer kimi tanıdıb və tanıdır… Bu gün Rusiya hüquq-mühafizə orqanlarının ixtira etdiyi “etnocinayətkarlıq” anlayışı bu ölkədə digər xalqların nümayəndələrinin cinayətkar kimi təqdim olunmasına hüquqi əsas yaratmaq cəhdidir.
Partiya lideri eyni zamanda onu da deyib ki, Rusiya daha da genişləndirməyi planlaşdırdığı etnotəmizləmə siyasəti üçün zəmin yaradır, altyapı hazırlayır. Elə bir altyapı ki, məhkəməsiz filansız küçənin ortasında insanları rahatlıqla killersayağı güllələtdirməklə məsələləri bitirsin. “Uğurlu” etnotəmizləməyə nail olsun. Amma unudur… Unudur ki, Hətta Stalinin dövründə belə, insanları küçədə, evində güllələmirdilər, işcəncə vermirdilər. Bunun üçün həbsxanalar, düşərgələr var idi. Hazırkı Rusiyada baş verənlər, lap dəqiq ifadə etsəm, bu gün Putinin həyata keçirdiyi repressiyalar mahiyyət etibarilə, Stalin repressiyalarını da kölgədə qoymuş olur. Görünür, öz dədə-baba torpaqlarını işğaldan azad etmiş və müstəqil siyasət yürüdən qüdrətli Azərbaycanın mövcudluğu bu gün Rusiya üçün arzuolunan deyildir.
Siyasətçinin qənaətinə görə, məhz bunun səbəbidir ki, ard-arda ölkəmizə, dövlətimizə qarşı təxribatlara son aylarda əl atıldı. Təyyarəmizin vurulması, ölkəmizə qarşı total kiberhücumlar, deputatımızın Rusiyaya buraxılmaması və baş vermiş digər hadisələr göstərir ki, Putin Rusiyası çox, olduqca çox narahatdır… 1990-cı illərdə ölkəmizdə siyasi mənzərəni öz istədiyi kimi idarə edən, “əlkuklalarını” rahatlıqla idarə edən – idarə edə bilmədikdə, dövlət terroru təşkil edənlərin əməllərini unutmayıb Azərbaycan! Rusiyanın planları baş tutmadıqda, xalqımıza qarşı törətdiyi 20 Yanvar cinayətini, 1992-ci ildə Xocalımızda 366-cı motoatıcı alayının törətdiyi qanlı cinayətlər hələ gözlərimiz önündədir…
“Ən əsası, torpaqlarımızın 30 ilə yaxın müddətdə işğalda saxlanılmasında göstərilmiş siyasi himayadarlıq fonunda 1 milyondan artıq soydaşımızın zülm, zillət içində yaşamasının da hüquqi və mənəvi məsuliyyətini Rusiya daşıyır! Fikrimcə, Azərbaycan Parlamentinin 20 Yanvar qətliamına, eyni zamanda, Xocalı soyqırımına hüquqi qiymət verməsinin zamanı gəlmişdir. Heç şübhəsiz ki, bölgəyə öz qüdrəti ilə ədalət gətirmiş Azərbaycan bu gün hər kəsi öz adı ilə çağırmaq iqtidarındadır!”, – deyə Ağasif Şakiroğlu qeyd edib.
Şahverdiyeva Elena
Referans




















