Təhlükə böyüyür: yeni “tələlər” qurulur – Videozəngdən niyə qaçırlar?

Son günlər sosial şəbəkələrdə profil fotoları süni intellekt (Aİ) vasitəsilə yaradılmış saxta hesabların sayı artıb. Xüsusilə qadın profilləri adı altında fəaliyyət göstərən bu hesabların müxtəlif şəxslərlə ünsiyyət quraraq onlardan pul almağa çalışdığı bildirilir.

Süni intellektlə yaradılan saxta profilləri adi istifadəçilər necə müəyyən edə bilər?

Referans Media  xəbər verir ki ,Globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov deyib ki, bu cür profillər adətən qısa müddətdə yaradılır və paylaşımları az olur:

“Fotolarda mimikalar həddindən artıq ideal görünə, videolarda isə dodaq hərəkətləri səslə tam uyğun gəlməyə bilər. Həmçinin həmin hesablar çox tez şəxsi münasibət qurmağa çalışır, qısa müddətdə nömrə, şəxsi məlumat və ya pul istəyə bilirlər. Profil fotosunu internetdə axtarmaq və videozəng təklif etmək saxta hesabları müəyyənləşdirməyə kömək edir”.

Ekspert bildirib ki, süni intellektlə yaradılmış fotoları müəyyən etmək üçün bir neçə detal diqqətlə yoxlanmalıdır:

“Aİ fotolarda barmaq sayı, əl forması, qulaq, diş və göz hissələrində qeyri-təbii görüntülər yaranır. Arxa planda əyri xətlər, qarışıq yazılar, bir-birinə keçən əşyalar və məntiqsiz detallar saxta görüntüyə işarə edir. Həddindən artıq “mükəmməl” dəri, plastik effekt və işığın qeyri-real düşməsi Aİ izləri ola bilər. Şəkil çox real görünsə də, hesab yenidirsə, paylaşımlar azdırsa və yalnız bir neçə ideal foto varsa, şübhə yaranmalıdır. Fotonu “Google Lens” və ya digər “reverse image search” alətləri ilə yoxlamaq həmin görüntünün başqa yerlərdə istifadə olunub-olunmadığını göstərir. Eyni zamanda, saxta profillər çox vaxt canlı görüntüdən yayınır və müxtəlif bəhanələr gətirirlər.

Hazırda Aİ fotoları əvvəlkindən daha real göründüyü üçün yalnız şəkilə deyil, hesabın ümumi davranışına və ünsiyyət formasına da diqqət etmək vacib sayılır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki