Tələbə və şagirdlərin "internet" imtahanı: Bakıda dərslər dayandırılır - Bu tarixlərdə onlayn olacaq

Bakıda keçiriləcək VUF 13 tədbiri ilə əlaqədar olaraq paytaxtda məktəb və universitetlərdə dərslərin müvəqqəti olaraq onlayn formata keçirilməsi qərarı bir sıra suallar doğurub. Xüsusilə internetə çıxışı məhdud olan şagird və tələbələrin vəziyyəti və bu müddətdə davamiyyət məsələsi müzakirə mövzusuna çevrilib.

Məsələ ilə bağlı Referans Media-ya açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, dərslərin distant formata keçirilməsi əsasən 18-22 may tarixlərini əhatə edəcək. Onun sözlərinə görə, 17 may tarixi müəyyən səbəblərdən bu prosesə daxil edilməyib.

Ekspert qeyd edib ki, bu qərar paytaxtda yerləşən ümumi orta, peşə, orta ixtisas və ali təhsil müəssisələrini əhatə edir. Bununla yanaşı, bölgələrdə yaşayan, lakin təhsilini paytaxtda alan şagird və tələbələr də həmin günlərdə onlayn dərslərə qoşulmalı olacaqlar.

Elçin Əfəndi hesab edir ki, bu 4-5 günlük müddətdə tədrisin fasiləsiz davam etməsi üçün internet əlçatanlığı xüsusi əhəmiyyət daşıyır:

“Düşünürəm ki, bu müddət ərzində mobil operatorlar və internet provayderləri tərəfindən qısa müddətli – 5 və ya 10 günlük sərfəli tarif paketləri tətbiq olunmalıdır. Xüsusilə bölgələrdə yaşayan və ya müvəqqəti olaraq rayona gedən tələbə və şagirdlərin dərslərə qoşula bilməsi üçün bu cür güzəştlər vacibdir.”

Ekspert əlavə edib ki, bu istiqamətdə ali təhsil müəssisələri və Elm və Təhsil Nazirliyi təşəbbüs göstərərək müvafiq qurumlara müraciət edə bilər. Onun fikrincə, belə addımlar həm təhsildə fasilənin qarşısını alar, həm də bütün tələbə və şagirdlər üçün bərabər imkanlar yaradar.

Qeyd edək ki, hələlik internet güzəştləri və ya davamiyyətlə bağlı rəsmi qərar açıqlanmayıb. Bu səbəbdən “onlayn dərslər zamanı qayıblar yazılacaqmı?” sualı da açıq qalır.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki