İstanbulun tarixi Edirnekapı qala divarları ərazisində polis əməkdaşlarının vaxtında müdaxiləsi sayəsində mümkün qətlin qarşısı alınıb. Şübhəli davranışları ilə diqqət çəkən 17 yaşlı yeniyetmənin üzərində bıçaq, mobil telefonunda isə zorakılıq və qətl planları ilə bağlı materiallar aşkarlanıb.
Referans Media xəbər verir ki, hadisə ərazidə xidmət aparan polis əməkdaşlarının iki yeniyetməni yoxlaması zamanı üzə çıxıb. Yoxlama zamanı 17 yaşlı A.H.K.-nın üzərindən bıçaq götürülüb. Daha sonra onun mobil telefonunda aparılan araşdırma zamanı müxtəlif zorakılıq xarakterli görüntülər, qətl hadisələrinə aid fotolar və narahatedici yazışmalar müəyyən edilib.
İstintaq materiallarına əsasən, yeniyetmənin telefonunda sevgilisi olduğu bildirilən 16 yaşlı qızla yazışmalar da aşkarlanıb. Həmin mesajlarda qız dostuna qarşı zorakılıq və qətl planları ilə bağlı ifadələrin yer aldığı bildirilib.
Polis əməkdaşları hər iki şəxsi saxlayaraq istintaqa təhvil veriblər. Məhkəmənin qərarı ilə 17 yaşlı A.H.K. psixiatriya müəssisəsində müalicəyə göndərilib. 16 yaşlı E.D. isə məhkəmənin qərarı ilə nəzarət tədbiri tətbiq edilməklə sərbəst buraxılıb.
Hadisə İstanbulda bir müddət əvvəl baş vermiş və geniş rezonans doğurmuş qətl hadisələrini yenidən gündəmə gətirib. Hüquq-mühafizə orqanları ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və araşdırmaların davam etdiyini bildiriblər.
