İctimai nəqliyyatda sosial həssas qruplar üçün güzəştlərin tətbiqi ilə bağlı təkliflər mütəxəssislər tərəfindən müsbət qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, belə mexanizmlər həm sosial ədalətin təmin olunmasına, həm də ictimai nəqliyyatdan istifadənin artmasına töhfə verə bilər.
Referans Media-ya açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, ictimai nəqliyyatda əlilliyi olan şəxslər və təqaüdçülər üçün nəzərdə tutulan proqramlar çox müsbət addımdır. Onun sözlərinə görə, burada məktəblərlə bağlı xüsusi güzəşt mexanizmi nəzərdə tutulmasa da, 5 yaşına qədər özünü idarə edə bilməyən uşaqların valideynləri tərəfindən müşayiət olunaraq daşınması məsələsi mövcuddur.
Ekspert qeyd edib ki, sosial baxımdan həssas qrupların ictimai nəqliyyatdan istifadəsi üçün xüsusi kart sisteminin tətbiqi zəruridir. Bu təcrübə bir sıra ölkələrdə, o cümlədən Türkiyədə və Rusiya Federasiyasında (xüsusilə Moskva və digər şəhərlərdə) geniş tətbiq olunur. Həmin proqramların əsas məqsədi nəqliyyat vasitələrinin əlçatanlığını təmin etmək və sosial dəstəyi gücləndirməkdir.
A.Əsədovun fikrincə, bu cür mexanizmlər ictimai nəqliyyat sistemini daha da təkmilləşdirir və vətəndaşların nəqliyyat infrastrukturuna marağını artırır. O vurğulayıb ki, gələcəkdə Azərbaycanda da belə imtiyazların tətbiqinə ehtiyac var. İlkin mərhələdə bu mexanizmlər metroda tətbiq oluna bilər, perspektivdə isə tramvay və trolleybus xətlərinin inşası nəzərə alınaraq genişləndirilə bilər.
Ekspert hesab edir ki, bu addımlar sosial ədalət və sosial prinsip baxımından yüksək qiymətləndirilməlidir və gələcəkdə belə təşəbbüslərin reallaşdırılması zəruri olacaq.
Gülnaz Abdullazadə
