Payız fəslinin gəlişi ilə birlikdə vətəndaşlar təbiət qoynunda istirahət üçün bölgələrə üz tutmağa başlayırlar. Payız mövsümü yay ayları ilə müqayisədə həm hava şəraitinə, həm də qiymətlərə görə daha sərfəlidir.
Xüsusilə Qəbələ, Quba, İsmayıllı və Qusar rayonlarında yerləşən isti hovuzlu bağ evlərinə və A-frame tipli kotteclərə maraq son günlərdə xeyli artıb.
Referans.az payız tətili ilə bağlı həmin bölgələrdə yerləşən kirayə bağ evlərinin qiymətini araşdırıb.
Qusar rayonunda son vaxtlar populyarlaşan “A-frame” tipli evlər həm ailəvi, həm də dostlarla istirahət üçün geniş imkanlar yaradır. Bu tip evlərdə qiymətlər bir sıra xüsusiyyətlərinə görə fərqlənir.
Məsələn, Qusarda 3-4 nəfərlik, isti hovuzlu bağ evlərinin qiyməti həftə içi 170 AZN, həftəsonu 190 AZN, isti hovuzlu, 4–5 nəfərlik evlər həftə içi 180 AZN, həftəsonu 200 AZN-dir.
Həmçinin, isti hovuzlu, 5–6 nəfərlik, dağ mənzərəli kirayə evlər həftə içi 200 AZN, həftəsonu 220 AZN təqdim olunur. Bu qiymətə hamam ləvazimatları, fen, samovar, sac, manqal, tam təchizatlı mətbəx, qab-qacaq, istilik sistemi (kombi), Wi-Fi və Smart TV daxildir.
Qəbələ də ailəvi istirahət üçün ən çox seçilən istiqamətlərdəndir. Lakin burada qiymətlər Qusara nisbətən bahadır. Əsasən, isti hovuzlu və sadə hovuzlu “A-frame” evlər hazırda yüksək tələbat görür. İsti hovuzlu “A-frame” evlərin qiyməti 1 gecəlik 300 AZN, sadə hovuzlu evlərin qiyməti isə 1 gecəlik 200 AZN-dir.
Bu evlər 7–8 nəfərlik ailə və qruplar üçün nəzərdə tutulub. Qiymətlər günlük hesablanır. Qubada yerləşən “A-frame” tipli evlər isə daha çox geniş ailələr üçün uyğundur. Əsasən, 8–9 nəfərlik standart “A-frame” evlər kirayə verilir. Qiymətlər isə, həftə içi 300 AZN, həftəsonu – 350 AZN, payız bayramı günlərində isə 400 AZN olacaq.
