image-hekimfotobackend

Təyinat VAR, gedən YOXDUR – Həkimlər niyə rayona GETMİR?

“Xəstə Bakıya çatdırılarkən yolda dünyasını dəyişdi” çox təəssüf ki, son zamanlar bu başlıqlı xəbərlərlə tez-tez rastlaşırıq. Xüsusilə müxtəlif rayon və kəndlərdə bilinməyən səbəblərdən belə hadisələr baş verir.

Bəs niyə rayonlarda xəstənin dərdinə çarə tapan həkimlər yoxdur?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan professor Adil Qeybullanın sözlərinə görə Azərbaycanda həkimlərin təlabat üzrə paylanmaması problemi yaşanır:

“Ona görə ki, insanların əksəriyyəti Bakı şəhərində qalıb işləməyə üstünlük verir. Rayonlarda həm xəstə, həm də gəlirlər yetərincə deyil. Mən düşünürəm ki, rayonlarda həkimlərin işini möhkəmləndirmək üçün həvəsləndirici tədbirlər lazımdır. Məsələn komunal xərclərdən azad olma, evlə təmin edilmə və. s belə çoxsaylı stimullaşdırıcı səbəblər düşünmək olar”, – deyə professor bildirib.

“İkinci tərəfdən də hal-hazırda 65 yaşı bitən kimi həkimlərin çoxusunu təqaüdə göndərirlər” deyən Adil Qeybulla bildirib ki,  bu da düzgün təcrübə deyil:

“Əslində həkimlərin çoxu elə məhz o yaşda müəyyən təcrübəyə çatır. Ona görə də niyə biz bu yaşdakı həkimləri təqaüdə göndərmək əvəzinə rayonlarda istifadə etməyək?! Əlbəttə, bu gün gənc, xüsusiilə də Qərbdə yetişmiş mütəxəssislərin rayonlarda işlə təmin olması məsələsi xüsusi nəzarətdədir. Amma, bu iş getdikcə genişləndirilməlidir. Bu iş elə  qurulmalıdır ki, rayon ilə Bakının bir fərqi olmasın!”

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən isə Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, nazirlik tərəfindən ildə iki dəfə rezidentura təhsilini müvəffəqiyyətlə bitirən həkim-mütəxəssislərin təyinatı həyata keçirilir:

“Təyinat zamanı Səhiyyə Nazirliyinin və TƏBİB-in tabeliyində olan tibb müəssisələrində, habelə müraciət əsasında digər dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində mövcud vakant həkim vəzifələri həkim-mütəxəssislərə təklif olunur və onlara iş yerlərinə göndəriş verilir. Qanunvericiliyə uyğun olaraq, həkim-mütəxəssislər göndərişlə işə qəbul olunduqları tarixdən etibarən 3 il müddətində həmin tibb müəssisəsələrində işləməlidirlər”, – deyə diqqətə çatdırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki