Hər gün təxminən 23 ədəd badam yeməklə orqanizmi lif, faydalı yağlar, maqnezium və digər qida maddələri ilə təmin etmək mümkündür.
Referans Media xəbər verir ki, bu barədə həkim-dietoloq Sintiya Sass "Health" nəşrində dərc olunan məqaləsində bildirib.
"Nutrients" jurnalında dərc olunan araşdırmaya görə, badam digər çərəzlərlə müqayisədə lif, zülal, təkli və çoxlu doymamış yağlar, maqnezium, kalsium, dəmir, fol turşusu və digər qida maddələri ilə ən zəngin olan məhsuldur.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) məlumatına görə, 100 qram çiy badamda (təxminən üçdə iki stəkan) 600-ə yaxın kalori, 51.1 qram yağ, 10.8 qram lif, 21.4 qram zülal, 57 mikroqram biotin, 254 milliqram kalsium, 503 mq fosfor, 258 mq maqnezium və 0.91 mq mis var.
"Badam istehlakı böyük bir risk daşımır. Lakin badama qarşı allergiyası olan insanlarda ciddi və potensial olaraq həyat üçün təhlükəli reaksiyaya səbəb ola bilər. Əgər bu çərəzə qarşı allergiyanız varsa, ondan uzaq durun", - deyə müəllif xəbərdarlıq edib.
Ekspert badamın sağlamlıq üçün 6 əsas faydasını sıralayıb:
1. Bağırsaq sağlamlığını yaxşılaşdırır
Dietoloqun sözlərinə görə, badam bağırsaq bakteriyalarının daha yaxşı işləməsinə kömək edir. "The American Journal of Clinical Nutrition" jurnalında dərc olunan 2022-ci il araşdırması göstərib ki, badam yeyən yetkin insanlarda butiratın səviyyəsi yeməyənlərə nisbətən daha yüksək olub. Bu isə bağırsaq bakteriyalarının sağlam fəaliyyətinin göstəricisidir.
"Butirat – bağırsaq mikroblarının orqanizmin həzm edə bilmədiyi pəhriz liflərini emal etdiyi zaman yaranan bir yağ turşusu növüdür", – deyə dietoloq izah edib.
O əlavə edib ki, badam və qabığı prebiotik hesab olunur, çünki faydalı bağırsaq bakteriyalarının çoxalmasına kömək edir. Bu bakteriyalar normal fəaliyyət göstərdikdə daha çox butirat istehsal olunur ki, bu da bəzi metabolik xəstəliklərin qarşısını alır.
2. Ürəyi qoruyur
Sass iddia edir ki, badam ürəyi bir neçə yolla qoruyur. Bu çərəz "yaxşı" xolesterini (YSLX) qoruyub saxlayır, eyni zamanda "pis" xolesterinin səviyyəsini aşağı salır.
Badam həmçinin qan təzyiqini tənzimləməyə kömək edir. Yüksək qan təzyiqi (hipertoniya) isə ürək və qan-damar sisteminə əlavə yük yaradır.
"Badam və digər çərəzlər damarların funksiyasını yaxşılaşdırır, yəni qan damarlarının rahatlamasına kömək edir və arterial sərtliyi azaldır", – deyə müəllif bildirib. Araşdırmalar göstərib ki, rasionuna badam daxil edən yüksək xolesterilli şəxslərdə digərləri ilə müqayisədə "pis" xolesterinin səviyyəsi, həmçinin qarın və ayaq nahiyəsindəki piylənmə azalıb.
3. Antioksidantlarla təmin edir
Badam antioksidantlarla, xüsusən də E vitamini ilə zəngindir. Sass qeyd edir ki, E vitamini orqanizmi hüceyrələrə, toxumalara və orqanlara zərər verən sərbəst radikallardan qoruyur. Bu zədələnmələr isə erkən qocalmaya və xəstəliklərə yol açır. Eyni zamanda E vitamini immuniteti dəstəkləyir, iltihabı azaldır, qan axınını yaxşılaşdırmaq üçün damarları genişləndirir və Altsheymer daxil olmaqla neyrodegenerativ xəstəliklərdən qoruyur.
4. Orqanizmi vacib qida maddələri ilə zənginləşdirir
Badamın tərkibindəki təkli və çoxlu doymamış faydalı yağlar "pis" xolesterini aşağı salmağa qadirdir. Digər mühüm element isə maqneziumdur. Maqnezium sinir və əzələlərin işində mühüm rol oynayır, sabit ürək döyüntüsünü təmin edir, sümükləri möhkəmləndirir və immun sistemini gücləndirir.
5. Çəkini nəzarətdə saxlamağa kömək edir
Müəllifin fikrincə, badam bədən kütləsi indeksini və bel çevrəsini yaxşılaşdırdığı, daxili orqanların ətrafındakı piylərlə mübarizə apardığı üçün çəki nəzarətində ən effektiv çərəzlərdən biridir. Badam aclıq hissini boğur və nəticədə insan daha az qida qəbul edir. Həmçinin qanda şəkərin səviyyəsini tənzimləməyə və orqanizmin dincəlmə vəziyyətində daha çox enerji xərcləməsinə kömək edir.
6. Dəri sağlamlığını dəstəkləyir
Sass xüsusilə menopoz dövründə olan qadınlara badam qəbul etməyi tövsiyə edir. Postmenopozal dövrdə olan iştirakçılar arasında aparılan araşdırma göstərib ki, müntəzəm badam yeyən qadınların dərisində qırışlar azalıb və üzün rəngi xeyli yaxşılaşıb./Musavat.com
