Ukrayna Silahlı Qüvvələrində tibb kadrlarının çatışmazlığı səbəbindən ölkədə tibb və əczaçılıq fakültələrində təhsil alan bütün tələbələrin hərbi hazırlıq keçməsi tələb olunacaq.
Referans xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, bu qərar müharibə şəraitində səhiyyə xidmətlərinin fasiləsizliyini təmin etmək məqsədilə həyata keçirilib. Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Nazirlik vurğulayıb ki, döyüş zamanı itkilərin və daimi əlillik hallarının azaldılması və əsgərlərin daha tez sağalmasının təmin edilməsi üçün kifayət qədər təlim keçmiş hərbi tibb heyətinin olması vacibdir.
Açıqlamaya görə, təlim proqramının təfərrüatları hökumət tərəfindən müəyyən ediləcək və icrası Səhiyyə, Müdafiə və Təhsil nazirlikləri arasında əlaqələndiriləcək.