Azərbaycanda müğənnilərin toy bazarında durğunluq müşahidə olunduğu iddia edilir. Bildirilir ki, məclislərin sayı əvvəlki illərlə müqayisədə azalıb. Əsas səbəb kimi sosial və iqtisadi amillər irəli sürülür. Rusiya bazarındakı zəiflik də əlavə faktor kimi göstərilir.
Əslində vəziyyət necədir? Toyların azalmasına başqa nə kimi faktorlar təsir göstərir?
Referansaz.az xəbər verir ki , Globalinfo.az-a danışan Əməkdar artist Firuzə İbadova toyların azalmasını dünyada gedən proseslərlə əlaqələndirib:
“İndi evlənənlərin sayı da azdır. Dünyada gedən savaşlar, çəkişmələr, xəstəliklər, zəlzələlərin də bu məsələdə rolu var. Artıq sabitlik demək olar ki, yoxdur. Düzdür, bu hallar ölkəmizdə yaşanmır. Azərbaycanda toy var, amma əvvəlki illərlə müqayisədə çox zəifləyib”.
Sənətçi toylardan imtina etməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib:
“Xəbər yayıldı ki, guya artıq toylara getməyəcəyimi demişəm. Mən müğənniyəm, konsertlərdə də iştirak edirəm, şənliklərə də dəvət olunuram. Sadəcə olaraq daha çox konsertlərdə iştirak edirəm. Toy bizim ənənəmizdir, xoş günümüzdür, qohumların və doğmaların bir yerə toplaşıb iki insanın sevincinə şərik olduğu gündür. Niyə imtina edim axı?!”
Firuzə İbadova ölkədən kənarda toyların azalması məsələsinə münasibət bildirib:
“Bəzi şəhərlərdə ay ərzində eyni müğənni üç dəfə toya gedir. Bu, əsasən dost-tanış vasitəsilə baş verir, buna irad bildirə bilmərik. Halbuki Elnarə Abdullayeva, Aygün Bayramova, Səkinə İsmayılova, Mələkxanım Eyyubova, Kamilə Nəbiyeva, Mətanət Əsədova kimi möhtəşəm səsə malik xanəndələrimiz var. Sadəcə musiqi zövqü dəyişib. Bu gün daha çox “ayaq üçün” musiqiyə üstünlük verilir. Bəzən də deyirlər ki, filan müğənni yaşa dolub. Axı səsi yerindədir! Ümumiyyətlə, toylar azalmayıb, maneələr artıb. Musiqimizi layiqincə təmsil edənlər toylara çox dəvət almırlar. Daha çox bədən görünüşünə, gözəlliyə, arxasında hansısa himayədarının olmasına diqqət yetirilir”.
Əməkdar artist Elnarə Abdullayeva isə toylarla bağlı fərqli fikirdədir:
“Açığı, heç vaxt ayın bütün günlərin toya gedən müğənni olmamışam. Mənim üçün hər şey olduğu kimi davam edir. Düşünmürəm ki, müğənnilər baha qiymət dedikləri üçün az dəvət olunurlar. Xalqımız üçün qiymətin o qədər də fərqi yoxdur, əsas istəkdir. Deyirlər ki, müğənni baha qiymət dediyi üçün toyu azalır. Əksinə, çox ucuz qiymətə gedən ifaçı da bəzən dəvət edilmir. Əsas odur ki, dünyamız sakit olsun, xəstəliklər, bəlalar olmasın. Qalan məsələlər öz axarına düşəcək. Mən stabil olaraq yenə də toylara gedirəm”.






















