Tramp İrana qarşı yeni hücum tarixini AÇIQLADI: 2-3 həftə qaldı

ABŞ prezidenti Donald Tramp İranla bağlı çox sərt açıqlama verib. O bildirib ki, ABŞ yaxın həftələrdə İrana qarşı daha ağır zərbələr endirə bilər.

Trampdan sərt mesaj

ABŞ prezidenti çıxışında bildirib ki, Amerika ordusu artıq İranın əsas hərbi imkanlarını ciddi şəkildə zəiflədib və əməliyyatların tamamlanmasına az qalıb. Onun sözlərinə görə, qarşıdakı 2–3 həftə ərzində İran çox sərt şəkildə vurulacaq.

Referans Media xəbər verir ki, Tramp çıxışında deyib: “ABŞ İranın bütün hərbi hədəflərini qısa müddətdə məhv etməyi planlaşdırır. İranın donanması və hava qüvvələri böyük zərbələr alıb. ABŞ ordusu dünyanın ən güclü ordusudur və əməliyyatlar “qətiyyətlə davam edəcək”.

“İranı vurmasaydıq, Yaxın Şərq olmayacaqdı”

Tramp qeyd edib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bu əməliyyatların zəruri olduğunu düşünür. O, həmçinin xatırladıb ki, ilk prezidentlik dövründə İranın nüfuzlu generalı Qasım Süleymani onun əmri ilə öldürülüb.

Hörmüz boğazı ilə bağlı açıqlama

Tramp bildirib ki, ABŞ-ın Hörmüz Boğazı vasitəsilə daşınan neftə ehtiyacı yoxdur. Onun sözlərinə görə, bu marşrutdan əsasən digər ölkələr istifadə edir və təhlükəsizliyini də onlar təmin etməlidir.

“İran artıq təhlükə deyil”

ABŞ prezidenti əlavə edib ki, İranın hərbi gücü ciddi şəkildə zəiflədilib və ölkə artıq ABŞ üçün əvvəlki kimi təhlükə sayılmır. O, əməliyyatların ABŞ-ın və müttəfiqlərinin təhlükəsizliyi üçün həyata keçirildiyini vurğulayıb.

İranla ABŞ və İsrail arasında gərginlik isə fevralın 28-də Tehranın bombalanması ilə başlayan müharibədən sonra regionda ən yüksək həddə çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki