İsrail mediası İranla razılığa gələn ABŞ Prezidenti Donald Trampın İsrailə "xəyanət etdiyini" yazıb.
Referans Media xəbər verir ki, "Yedioth Ahronot" qəzetində Boaz Haetsni imzası ilə dərc olunan analitik məqalədə Tramp ünvanına sərt ifadələr işlədilib:
"80 yaşlı uşaq (Tramp) oyuncağına olan marağını itirdi və daha asan bir işə keçmək istəyir. Şərlə döyüşmək, Amerikanın nüfuzunu bərpa etmək? Bunlar çətin işlərdir və ona görə deyil".
Tramp administrasiyasının İranla apardığı danışıqların Tehran rəhbərliyini iqtisadi cəhətdən rahatlatdığı və bölgədəki hərbi potensialını yenidən qurmasına şərait yaratdığı iddia edilən yazıda, bu siyasətin təkcə İsrail üçün deyil, ABŞ ilə birlikdə hərəkət edən region ölkələri üçün də "xəyanət" mənasına gəldiyi vurğulanıb.
Məqalədə regional diplomatik əlaqələrin gələcəyinə dair qara rənglər çəkilib:
"Artıq yeni “İbrahim müqavilələri” olmayacaq. Çünki Səudiyyə Ərəbistanı və digər ölkələr Vaşinqtondakı çürük taxtaya bel bağlayacaq qədər dəli deyillər".
Bildirilib ki, Amerika düşərgəsinə qoşularaq "risk edən" region ölkələri artıq İsrail ilə normallaşmaya yaxın durmayacaq.
Keçmiş ABŞ prezidentləri Barak Obama və Co Bayden dövründən fərqli olaraq, İsraildə Respublikaçılar və mühafizəkar qanaddan gözləntilərin yüksək olduğu, lakin gəlinən nöqtədə ABŞ-nin böyük nüfuz itkisi yaşayacağı qeyd edilib:
"Amerika demək olar ki, qazanılmış və az itki ilə davam etdirilə biləcək bir müharibədə uğursuzluğa düçar oldu. Prezidentin hazırkı mövqeyi zəif və reallıqdan qopmuş kimi görünür. Qarşıdurmalar davam edərkən üçüncü tərəflər vasitəsilə İranla razılıq yollarının axtarılması Tehranın təslim olmaq əvəzinə, müqavimətini artırmasına səbəb oldu".
Məqalədə İsrail Baş naziri Binyamin Netanyahunun qarşısındakı ən böyük çətinliyin ABŞ ilə strateji tərəfdaşlığı qoruyarkən Tel-Əvivin təhlükəsizlik maraqlarından güzəştə getməmək olduğu vurğulanıb:
"İsrail üçün ABŞ ilə tərəfdaşlıq tarixən bir çəkindirici amil olub. Lakin Beyrut və digər cəbhələrdəki hərbi əməliyyatların diplomatik bazarlıqlar nəticəsində məhdudlaşdırılması qəbul edilə bilməz".
Yazının sonunda iddia edilib ki, İsrail ordusu Qəzza zolağı, Livan və Suriyanın cənubunda işğal etdiyi bölgələrdən geri çəkilməməkdə israr etməklə, bu "çöküşün" yalnız Trampa aid olduğunu və İsraili əhatə etmədiyini nümayiş etdirməlidir.
